10-12 oktyabr tarixlərində Yunanıstanın Saloniki şəhərində BMT-nin Ümumdünya Turizm Təşkilatının 8-ci İpək Yolu Turizmi Beynəlxalq Görüşü keçirilir. Tədbirdə Azərbaycanı Dövlət Turizm Agentliyinin nümayəndələri Cəmilə Talıbzadə və Səkinə Əsgərova təmsil edirlər.
Yunanıstanın Turizm Nazirliyi və Mərkəzi Makedoniya regionunun dəstəyi ilə həyata keçirilən görüşdə 54 ölkədən 200-ə yaxın nümayəndə iştirak edir.
Tədbirdə qədim İpək Yolu üzrə turizm turlarının təşkili, İpək Yolu turizm marşrutunun yeni turizm brendinə çevrilməsi, üzv ölkələrin mədəni irsinin qorunması və təşviqi, müştərək tur paketlərin hazırlanması, ipək məhsullarının qədim istehsal üsullarının bərpası və digər mövzular barəsində müzakirələr aparılır.
Dövlət Turizm Agentliyinin Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Cəmilə Talıbzadə tədbirdə çıxış edərək Azərbaycanın qədim İpək Yolunun önəmli məntəqələrindən biri olduğunu, ipək məhsullarının istehsalı mədəniyyətinin ölkənin turizm potensialında önəmli rol oynadığını bildirib və bu sahədə həyata keçiriləcək layihələrə dövlət tərəfindən xüsusi diqqət yetirildiyini qeyd edib.
Tədbir müxtəlif ölkələri təmsil edən turizm mütəxəssislərinin təcrübə mübadiləsi, əməkdaşlıq perspektivləri və imkanlarının müzakirəsi ilə davam edir.