Bu gün 18 oktyabr 2018-ci ildə Bakı Konres Mərkəzində Dövlət Turizm Agentliyinin və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə ilk Milli Turizm Sammiti keçirilir.
Tədbirinin birinci hissəsində Azərbaycanın yeni milli turizm brendinin təqdimatı ilə yanaşı, yeni marketing strategiyası, qarşıya qoyulmuş məqsədlər, hədəflər və planlar haqqında məlumat verildi.
Tədbirdə çıxış edən Dövlət Turizm Agentlinin sədri Fuad Nağıyev qurumun 6 aydır fəaliyyət göstərdiyini, bu qısa müddət ərzində turizm sahəsinin əsas istiqamətləri üzrə görülən işlər, həmçinin turizm təhsili, ixtisaslı kadr hazırlığı, statistikanın yaxşılaşdırılması, xidmət sahəsinin təkmilləşdirilməsi, turizmdə müasir informasiya texnologiyalarının tətbiqi, hədəf bazarlarda nümayəndəliklərin açılması kimi məsələlərlə bağlı gələcək planlar haqqında məlumat verdi.
Daha sonra Azərbaycanın qlobal bazarda tanıdılması üçün ilkin addım olaraq hazırlanan yeni turizm brendi təqdim olundu.
Yeni brendin əsas simvolları bir-birilə əlaqəli şəkildə təqdim olunan yeni loqo və şüar olacaq.
Azərbaycanın yeni turizm loqosu olan “a” hərfi “Azərbaycan” sözünün ilk hərfi olmaqla yanaşı, öz formasına görə də brendin mahiyyətini çatdırır. Loqo daim yenilənəcək və təqdim olunacağı platformaya uyğunlaşdırıla biləcəkdir. Azərbaycanın yeni turizm brendinin “Yenidən fərqli baxışla bax” (“Take another look” – ing.) olan əsas şüarına uyğun olaraq diqqətlə və yenidən baxdıqda loqo barədə daha dəqiq təsəvvürə malik olmaq mümkündür.
Yeni brend dünyanın brendinq üzrə tanınmış şirkəti “Landor” tərəfindən hazırlanıb. Şirkət bir sıra ölkələr və beynəlxalq şirkətlər üçün brendin yaradılması üzrə çoxillik və uğurlu təcrübəyə malikdir.
Azərbaycanın turizm brendinin hazırlanması prosesində 100-dən çox müxtəlif peşə sahibəri ilə müsahibə xarakterli araşdırma aparılıb və bu strateji proses 5 ay davam edib.
Yeni brendin dünya ictimaiyyətinə təqdimatı isə bu ilin noyabrında Londonda keçiriləcək “Dünya Səyahət Bazarı” (London WTM) sərgisində baş tutacaq.