Azərbaycan Hotellər Assosiasiyasının Birinci Baş Assambleyası keçirilib

22:39 04.12.2018
4 dekabrda Azərbaycan Hotellər Assosiasiyasının Birinci Baş Assambleyası baş tutub.
 
Tədbirdə çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev turizmin inkişafında hotelçilik sənayesinin rolu, xidmət səviyyəsinin keyfiyyətinin artırılması və ixtisaslı kadrların hazırlanmasının vacibliyi, mövcud çatışmazlıqların aradan qaldırılması istiqamətində görüləcək tədbirlər, hotelçilik sahəsində mövsümiliyi aradan qaldırmaq, daha kiçik və ulduz sayı az olan hotellərin fəaliyyətini stimullaşdırmaq üçün atılacaq addımlar barəsində danışıb.
 
Azərbaycan Turizm Bürosunun baş icraçı direktroru Florian Zenqstşmid Azərbaycan Hotellər Assosiasiyasının yaradılmasının ölkədə hotelçiliyin inkişafı üçün mühüm addımlardan biri olduğunu və assosiasiyanın uğurlu fəaliyyətinin dəstəklənməsi üçün birgə tədbirlərin həyata keçiriləcəyini qeyd edib.
 
Azərbaycan Hotellər Assosiasiyasının icraçı direktoru Günay Sağlam assosiasiyanın qeyri-hökumət təşkilatı kimi Azərbaycan hotellərinin maraqlarını təmsil və təşviq etdiyini bildirib. Eyni zamanda Azərbaycan Hotellər Assosiasiyasının təşkilati strukturu, nizamnaməsi, məqsədləri və gələcək fəaliyyəti haqqında ətraflı məlumat verib.
 
Tədbirdə Azərbaycan Hotel Assosiasiyasının prezidenti Jiri Kobos, “Hotrec – Hospitality Europe” təşkilatının vitse-prezidenti Akos Niklai də çıxış edərək beynəlxalq təcrübənin öyrənilməsi üçün beynəlxalq təşkilatlara, xüsusilə də “Hotrec” təşkilatına üzv olma planlarından bəhs ediblər.
 
Tədbirin gedişatında üzvlük kateqoriyaları, eləcə də yeni milli ulduz təsnifat sistemi, assosiasiyaya üzvlüyün verdiyi üstünlüklər haqqında məlumat verilib.
 
Qeyd edək ki, 2019-cu il üçün Assosiasiyaya üzvlük haqları tətbiq olunmayacaq. 2020-ci ildən başlayaraq isə müxtəlif kateqoriyalara uyğun olaraq üzvlük haqları müəyyənləşəcəkdir.
 
Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun dəstəyi ilə fəaliyyət göstərən Azərbaycan Hotellər Assosiasiyası ölkədə hotelçilik sənayesini inkişaf etdirmək məqsədini daşıyır.