Dövlət Turizm Agentliyinin dəstəyi ilə Azərbaycan Turizm Bürosu və Azərbaycan Hotellər Assosiasiyası arasında 30 noyabrda əməkdaşlıq haqqında memorandum imzalanıb.
Memoranduma əsasən tərəflər hotellərdə xidmət keyfiyyətinin yüksəldilməsi, müştərək layihələrin hazırlanması, turizm statistikası və araşdırmaları barəsində məlumat mübadiləsinin aparılması kimi məsələlərdə əməkdaşlıq edəcəklər.
Razılaşmada Azərbaycanın cəlbedici və uğurla inkişaf edən turizm destinasiyasına çevrilməsində, milli turizm brendinin beynəlxalq marketinq və təşviqat kampaniyalarının aparılmasında tərəflərin birgə fəaliyyət göstərməsi nəzərdə tutulur.
Azərbaycan Hotellər Assosiasiyası həmçinin hotelçilik üzrə mütəxəssislərə olan tələb və ehtiyacları araşdırmağı, orta və peşə təhsili səviyyəsində turizm üzrə təhsilin inkişafına töhfə verməyi öhdəsinə götürür.
Müqavilədə Azərbaycan Hotellər Assosiasiyasının HOTREC (Avropa Hotellər, Restoranlar və Kafelər Assosiasiyası) təşkilatına və HOTREC təşkilatı yanında fəaliyyət göstərən Avropa hotel təsnifatı sistemi olan "Hotelstars Union"-a üzv olması, daha sonra milli hotel təsnifat sistemini formalaşdıraraq tətbiq etməsi məsələsi də qeyd olunur. Azərbaycan Turizm Bürosu isə ölkədə hotel təsnifat standartlarının beynəlxalq təcrübə əsasında inkişafında və tətbiqində Azərbaycan Hotellər Assosiasiyasını əsas tərəfdaşı kimi qəbul edir.
Məlumat üçün bildirək ki, Azərbaycan Hotellər Assosiasiyasının Birinci Baş Assambleyası 4 dekabrda təşkil olunacaq. Baş Assambleya ölkə üzrə hotelçilik sənayesinin əsas iştirakçılarını bir araya toplayaraq bu sahədə mövcud potensialı inkişaf etdirmək və çatışmazlıqları aradan qaldırmaq üçün müzakirə platforması rolunu oynayacaq.