DTA əməkdaşları üçün “Zamanın düzgün idarə edilməsi” mövzusunda təlim təşkil olunub

14:58 28.08.2026
Avqustun 27-də Dövlət İmtahan Mərkəzi tərəfindən Dövlət Turizm Agentliyinin əməkdaşları üçün “Zamanın düzgün idarə edilməsi” mövzusunda təlim keçirilib.

Təlim zamanı zamanın idarə edilməsinə təsir edən daxili və xarici amillər, gündəlik iş prosesində diqqətin yayınmasına və vaxt itkisinə səbəb olan faktorlar barədə məlumat verilib. Həmçinin diqqətin idarə olunması və çoxtapşırıqlılığın iş prosesinə təsiri izah edilib.

Təlim çərçivəsində tapşırıqlar arasında tez-tez keçidin vaxt itkisinə və səhvlərin sayına təsiri xüsusi eksperiment vasitəsilə nümayiş etdirilib.

Daha sonra planlaşdırma səhvi və Parkinson qanunu barədə məlumat verilib, tapşırıqların icra müddətinin əvvəlcədən proqnozlaşdırılması və real nəticələrlə müqayisə edilməsi ilə bağlı praktiki yanaşmalar təqdim olunub.

Təlimdə, həmçinin, prioritetlərin müəyyənləşdirilməsi prinsipləri, tapşırıqların vaciblik və təcililik meyarlarına əsasən qruplaşdırılması ilə bağlı məlumat verilib.

Sonda davranış strategiyaları və müxtəlif həll yolları barədə fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb.