Türkiyə ilə turizm sahəsi üzrə təcrübə mübadiləsi davam etdirilir

16:49 02.12.2025
1-2 dekabr tarixlərində Dövlət Turizm Agentliyinin nümayəndə heyətinin turizm idarəetməsi, dayanıqlı turizm siyasəti, kənd və aqroturizmin inkişafı, həmçinin turizm və rekreasiya zonalarının planlaşdırılması sahəsində təcrübələrin öyrənilməsi məqsədilə Türkiyənin Antalya şəhərinə işgüzar səfəri baş tutub.
 
Səfər çərçivəsində Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin müvafiq qurumları və Türkiyə Turizm Təbliğat və İnkişaf Agentliyi tərəfindən məlumatlandırma sessiyaları təşkil edilib,  Türkiyədə turizmin qanunvericilik çərçivəsi, turizm və rekreasiya mərkəzləri, turistik bölgələrdə  dayanıqlı idarəetmə modelləri, iqlim dəyişikliyinə adaptasiya tədbirləri, yaşıl destinasiya modelinin tətbiqi və ekoturizm fəaliyyətləri üzrə təqdimatlar edilib.
 
Nümayəndə heyətinin BMT Turizm Təşkilatı tərəfindən “Ən yaxşı turizm kəndləri” siyahısına daxil edilmiş Ormana kəndinə səfəri təşkil edilib, icma yönümlü idarəetmə modeli, ənənəvi kənd həyatının qorunması istiqamətində tətbiq edilən metodlar haqqında məlumat verilib. Eləcə də Belek Mədəniyyət və Turizm Mühafizə və İnkişaf Zonasında turizmin planlaşdırılması və sahilyanı turizm infrastrukturunun idarə olunması ilə bağlı təcrübə ilə tanış olunub.
 
Keçirilən görüşlərdə qeyd olunan istiqamətlərdə əməkdaşlığın davam etdirilməsi, turizm sahəsində bilik və təcrübə mübadiləsinin vacibliyi vurğulanıb.
 
Qeyd edək ki, səfər cari ilin fevralın 6-da Bakıda keçirilən Azərbaycan-Türkiyə Turizm üzrə Birgə Komissiyasının IV iclası çərçivəsində qəbul edilmiş Fəaliyyət Planının nəzərdə tutulan fəaliyyətlərin icrası məqsədilə təşkil edilib.