DTA sədri Fuad Nağıyev Xınalıqla bağlı tapşırıqlar verib

15:26 23.07.2018
Dövlət Turizm Agentliyin sədri Fuad Nağıyev “Xınalıq dövlət tarix-memarlıq və etnoqrafiya qoruğu”na baxış keçirərək tarixi diyarın həm yerli, həm də xarici ölkələrdən gələn turistlər üçün daha da maraqlı və cəlbedici turizm məkanına çevrilməsinə dair tapşırıqlar verib.
 
Qoruğun cari vəziyyəti, mövcud potensialı, göstərilən xidmətlərin səviyyəsi və növü müzakirə edilərək problemlərin və çatışmazlıqların qısa zaman kəsiyində həllini tapması, turist məmnunluğunun təmin edilməsi, burada fəaliyyət göstərən strukturların və cavabdeh şəxslərin öz vəzifə məsuliyyətlərini vaxtında və qüsursuz şəkildə icra etməklərinin vacibliyi vurğulanıb.

Fuad Nağıyev həmçinin AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Elmi arxivinin müdiri, arxeoloq, tarix üzrə fəlsəfə doktoru, Xınalıq arxeoloji ekspedisiyasının rəhbəri İdris Əliyevlə görüşərək ekspedisiyanın e.ə. I minilliyin ortalarına və ikinci yarısına aid edilən, zəngin dəfn inventarı olan qədim nekropolu aşkar etməsi barədə müzakirələr aparıb, Xınalığın tarixi-arxeoloji əhəmiyyəti bir daha qeyd olunub.

Yaxın zaman ərzində qoruqda yeni idarəetmə üsullarının tətbiq edilməsi, qoruğun unikal görünüşünün və qədimiliyinin, eləcə də tarixi-mədəni-arxeoloji xüsusiyyətlərinin qorunub saxlanılması ilə yeni infrastruktur layihələrin gerçəkləşdirilməsi qərarlaşdırılıb.