Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin Apelyasiya Şurasının tərkibi

Şuranın sədri:

Aparatın rəhbəri - Kənan Qasımov

Şuranın üzvləri:

Turizm siyasəti və strategiyası şöbəsinin müdiri - Məhəmməd Muradov

İnsan resurslarının idarə edilməsi və hüquq şöbəsinin müdiri - Mehriban Hüseynova

Beynəlxalq əlaqələr şöbəsinin müdiri - Cəmilə Talıbzadə

Mədəni irs və regional turizm şöbəsinin Regional turizmin idarə edilməsi sektorunun müdiri - Elgün Cavadov

İnsan resurslarının idarə edilməsi və hüquq şöbəsinin Hüquq sektorunun müdiri - Qiyafət Xeyirxəbərli

İnsan resurslarının idarə edilməsi və hüquq şöbəsinin Hüquq sektorunun baş məsləhətçisi - Faiq Ömərov

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin Apelyasiya Şurası haqqında ƏSASNAMƏ

 

1. Ümumi müddəalar

1.1. Dövlət Turizm Agentliyinin Apelyasiya Şurası (bundan sonra – Apelyasiya Şurası) sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin özlərinin sahibkarlıq fəaliyyəti ilə bağlı Dövlət Turizm Agentliyinin, onun strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların (bundan sonra – Dövlət Turizm Agentliyi) qərarlarından, digər hərəkət və ya hərəkətsizliyindən (bu Əsasnamənin 1.8-ci bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla) verdikləri şikayətlərə, habelə dövlət qulluğuna qəbulla bağlı keçirilən müsahibənin nəticələrindən namizədlərin verdikləri şikayətlərə (bundan sonra – şikayət) baxan və ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərən kollegial orqandır.

1.2. Apelyasiya Şurası öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununu, Azərbaycan Respublikasının digər qanunlarını, Azərbaycan Respublikası Prezidentinin aktlarını, bu Əsasnaməni və digər normativ hüquqi aktları rəhbər tutur.

1.3. Apellyasiya Şurası öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən digər icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları və qeyri-hökumət təşkilatları, habelə hüquqi və fiziki şəxslərlə qarşılıqlı surətdə fəaliyyət göstərir.

1.4. Bu Əsasnamənin məqsədləri üçün “şikayət” dedikdə, sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin özlərinin sahibkarlıq fəaliyyəti ilə bağlı şikayətləri üzrə Dövlət Turizm Agentliyinin qərarlarından, digər hərəkətlərindən və ya hərəkətsizliyindən, habelə dövlət qulluğuna qəbulla bağlı keçirilən müsahibənin nəticələrindən namizədlərin Apelyasiya Şurasına verdikləri yazılı müraciət başa düşülür.

1.5. Apelyasiya Şurası öz fəaliyyətini qanunçuluq, şəffaflıq, kollegiallıq və qərəzsizlik prinsipləri əsasında qurur.

1.6. Dövlət Turizm Agentliyinin rəhbərliyinin və aparatının vəzifəli şəxslərinin qərarlarından, digər hərəkət və ya hərəkətsizliyindən Apelyasiya Şurasına verilmiş şikayətlərə Dövlət Turizm Agentliyinin Apelyasiya Şurasında baxılır.

1.7. Dövlət Turizm Agentliyinin strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların vəzifəli şəxslərinin qərarlarından, digər hərəkət və ya hərəkətsizliyindən Apelyasiya Şurasına verilmiş şikayətlərə Apelyasiya Şurasında o halda baxılır ki, eyni məzmunlu şikayətə, ilkin olaraq, həmin qurumlara və vəzifəli şəxslərə münasibətdə Dövlət Turizm Agentliyinin sistemində hər hansı yuxarı orqan və ya yuxarı vəzifəli şəxs baxmış olsun.

 

1.8. Şikayətə aşağıdakı hallarda Apelyasiya Şurasında baxıla bilməz:

1.8.1. şikayət bu Əsasnamənin 1.1-ci bəndində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda;

1.8.2. şikayət korrupsiya ilə əlaqədar hüquqpozmalara aid olduqda və ya şikayətə baxılarkən aidiyyəti vəzifəli şəxslərin əməllərində korrupsiya ilə əlaqədar hüquqpozmaların əlamətləri müəyyən olunduqda (həmin əlamətlərə aid hissədə);

1.8.3. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 35.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət vermiş şəxs (şəxslər) barəsində şikayətdə göstərilmiş əsaslar üzrə Apelyasiya Şurası və ya Azərbaycan Respublikasının Prezidenti yanında Apelyasiya Şurası tərəfindən əvvəllər qərar qəbul olunduğu müəyyən edildikdə;

1.8.4. şikayətin predmeti üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda;

1.8.5. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci, 72.2-ci, 75.1.3-cü və 75.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda.

 

2. Apelyasiya Şurasının vəzifələri

2.0. Apelyasiya Şurasının vəzifələri aşağıdakılardır:

2.0.1. Apelyasiya Şurasına daxil olan şikayətlər üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparmaq, mahiyyəti üzrə baxılmış şikayətlərə dair əsaslandırılmış yazılı qərar qəbul etmək, mahiyyəti üzrə baxılmamış şikayətlərə dair isə şikayətçiyə yazılı məktub göndərmək;

2.0.2. şikayət vermiş şəxsləri (onların səlahiyyətli nümayəndələrini) və Dövlət Turizm Agentliyinin aidiyyəti vəzifəli şəxslərini Apelyasiya Şurasının iclaslarına dəvət etmək;

2.0.3. Apelyasiya Şurasının qəbul etdiyi qərarların icrasına nəzarət etmək;

2.0.4. Apelyasiya Şurasında baxılan şikayətlərin uçotunu aparmaq, onları təhlil etmək, ümumiləşdirmək və ildə iki dəfə (iyul ayının 15-dək və yanvar ayının 15-dək) Dövlət Turizm Agentliyinin sədrinə və tələb olunan formada Azərbaycan Respublikasının Prezidenti yanında Apelyasiya Şurasına yarımillik və illik arayışlar (hesabatlar) təqdim etmək;

2.0.5. fəaliyyəti zamanı insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini təmin etmək və onların pozulmasının qarşısını almaq;

2.0.6. qanunvericiliyə uyğun olaraq dövlət və kommersiya sirrinin və qanunla açıqlanması və yayılması qadağan edilən digər məlumatların qorunması üçün zəruri tədbirlər görmək;

2.0.7. Apelyasiya Şurasının qəbul etdiyi qərarlarla bağlı izah vermək;

2.0.8. qanunla və Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

 

3. Apelyasiya Şurasının hüquqları

3.0. Apelyasiya Şurası öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:

3.0.1. Apelyasiya Şurasına daxil olan şikayətlərlə əlaqədar mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, yerli özünüidarəetmə orqanlarına və qeyri-hökumət təşkilatlarına, digər hüquqi və fiziki şəxslərə şifahi və ya yazılı, o cümlədən elektron sorğular göndərmək (müraciətlər etmək), onlardan zəruri sənədləri və məlumatları almaq;

3.0.2. şikayət vermiş şəxslərin (onların səlahiyyətli nümayəndələrinin), Dövlət Turizm Agentliyinin aidiyyəti vəzifəli şəxslərinin, habelə digər əlaqəli şəxslərin iştirakı ilə araşdırma aparmaq, onlardan izahatlar almaq;

3.0.3. Apelyasiya Şurasına daxil olan şikayətlərin araşdırılması zamanı aşkar olunmuş nöqsanların və pozuntuların aradan qaldırılması ilə bağlı Dövlət Turizm Agentliyinin vəzifəli şəxslərinə yazılı göstərişlər vermək;

3.0.4. Apelyasiya Şurasına daxil olan şikayətlərin araşdırılması zamanı Dövlət Turizm Agentliyinin vəzifəli şəxsləri tərəfindən xidməti fəaliyyətlərinin icrası ilə bağlı kobud nöqsanlara yol verilməsi, habelə hüquqi aktların pozulması halları aşkar edildikdə, həmin şəxslərin məsuliyyətə cəlb olunması məqsədilə qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlərin görülməsi üçün məsələ qaldırmaq və nəticəsi barədə məlumat almaq;

3.0.5. Apelyasiya Şurasının fəaliyyətinin səmərəliliyinin artırılması üçün təkliflər vermək;

3.0.6. təhlillər və ümumiləşdirmələr aparmaq, şikayətlərin araşdırılması zamanı aşkar edilmiş nöqsanların, çatışmazlıqların aradan qaldırılması ilə bağlı təkliflər vermək;

3.0.7. Apelyasiya Şurasının qərarlarının yerinə yetirilməsinin monitorinqini aparmaq və buna nəzarət etmək, habelə nöqsanların aradan qaldırılması üzrə tədbirlər görmək;

3.0.8. Apelyasiya Şurasının fəaliyyətinə ekspert, mütəxəssis və məsləhətçilər cəlb etmək;

3.0.9. qanunla və Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

 

4. Apelyasiya Şurasının fəaliyyətinin təşkili

4.1. Şuranın tərkibi (sədri və digər altı üzvü) Dövlət Turizm Agentliyinin sədri tərəfindən müəyyən edilir. Apelyasiya Şurasının sədri Dövlət Turizm Agentliyinin sədrinin müavini olmalıdır. Dövlət Turizm Agentliyinin sədrinin müavini olmadıqda Apelyasiya Şurasının sədri vəzifəsinə Dövlət Turizm Agentliyinin aparatının rəhbəri təyin edilir.

4.2. Apelyasiya Şurasının sədri:

4.2.1. Apelyasiya Şurasının işini təşkil edir və ona rəhbərliyi həyata keçirir;

4.2.2. Apelyasiya Şurasının adından çıxarılan qərarları, məktubları və Apelyasiya Şurasının fəaliyyəti ilə bağlı digər sənədləri imzalayır;

4.2.3. Apelyasiya Şurasının digər üzvlərinin, habelə Apelyasiya Şurasının Katibliyinin rəhbərinin və tərkibinin təsdiq edilməsi ilə bağlı Dövlət Turizm Agentliyinin sədrinə təqdimatlar (təkliflər) verir;

4.2.4. Apelyasiya Şurasının iclaslarının gündəliyini, reqlamentini müəyyənləşdirir və keçirilən iclaslarda sədrlik edir;

4.2.5. Apelyasiya Şurasının səlahiyyətlərinə aid məsələləri baxılmaq üçün Şuranın iclaslarına çıxarır;

4.2.6. Apelyasiya Şurasını təmsil edir.

4.3. Apelyasiya Şurasının üzvlərinin hüquq və vəzifələri aşağıdakılardır:

4.3.1. Apelyasiya Şurasının iclaslarında və fəaliyyətində iştirak etmək;

4.3.2. Apelyasiya Şurasına daxil olan şikayətlərlə əlaqədar hərtərəfli, tam və obyektiv araşdırma aparmaq;

4.3.3. Apelyasiya Şurasına daxil olan şikayətlərlə əlaqədar münasibət bildirmək, rəy və təkliflər vermək;

4.3.4. Apelyasiya Şurasına daxil olan şikayətlərlə əlaqədar ilkin araşdırma üçün təqdim edilmiş sənədlərin (toplanmış materialların) kifayət olmadığı qənaətinə gəldikdə, əlavə sənədlərin əldə edilərək araşdırma materiallarına daxil edilməsini tələb etmək;

4.3.5. Apelyasiya Şurasına daxil olan şikayətlərlə əlaqədar Apelyasiya Şurasının adından qərarların qəbul edilməsi ilə bağlı səsvermədə iştirak etmək;

4.3.6. Apelyasiya Şurası iclasının protokolu ilə tanış olmaq və protokola qeydlər təklif etmək;

4.3.7. Apelyasiya Şurasının qərarı ilə razılaşmadıqda bu barədə özünün əsaslandırılmış xüsusi rəyini yazılı şəkildə təqdim etmək;

4.3.8. Apelyasiya Şurasının iclaslarında baxılan məsələlərə qərəzsiz yanaşmaq;

4.3.9. Apelyasiya Şurasının səlahiyyətlərinə aid təşkilati məsələlər barədə təkliflər vermək;

4.3.10. icra intizamına ciddi əməl etmək;

4.3.11. bu Əsasnamədə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək və hüquqları həyata keçirmək.

4.4. Apelyasiya Şurasının cari fəaliyyətinin təşkili üçün Apelyasiya Şurasının Katibliyi (bundan sonra – Katiblik) yaradılır. Katibliyin rəhbəri və tərkibi Apelyasiya Şurası sədrinin təqdimatı (təklifi) əsasında Dövlət Turizm Agentliyinin sədri tərəfindən təsdiq olunur.

4.5. Apelyasiya Şurasının sədri və ya digər üzvü baxılan şikayətin əvvəllər Apelyasiya Şurasından kənar həllində bilavasitə iştirak etmiş olduqda və ya “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsində nəzərdə tutulmuş hallarda Apelyasiya Şurasını bu barədə məlumatlandırmalı və həmin şikayətə baxılmasında iştirak etməməlidir.

4.6. Katiblik:

4.6.1. Apelyasiya Şurasına daxil olan müraciətlərlə əlaqədar təşkilati tədbirləri həyata keçirir;

4.6.2. Apelyasiya Şurasına daxil olan şikayətləri qanunvericiliyin və bu Əsasnamənin tələblərinə uyğunluğu baxımından yoxlayır, onlar müvafiq tələblərə uyğun olduğu halda iş üzrə bütün zəruri sənədlərin (materialların) 3 iş günündən gec olmayaraq Katibliyə təqdim edilməsi üçün Dövlət Turizm Agentliyinə müraciət edir;

4.6.3. bu Əsasnamənin 4.6.2-ci yarımbəndinə müvafiq olaraq Dövlət Turizm Agentliyi tərəfindən təqdim edilmiş sənədlərin (materialların) tamlığını yoxladıqdan sonra toplanmış sənədləri (materialları) Apelyasiya Şurasının sədrinə və rəy verilməsi üçün Şuranın digər üzvlərinə göndərir;

4.6.4. bu Əsasnamənin 4.8-ci bəndinə əsasən təqdim edilmiş rəyləri ümumiləşdirir və Apelyasiya Şurasının sədri ilə razılaşdırmaqla Apelyasiya Şurasının iclaslarını təşkil edir;

4.6.5. Apelyasiya Şurasının iclaslarının keçirilməsinin vaxtı barədə Apelyasiya Şurasının üzvlərinə, habelə bu Əsasnamənin 3.0.2-ci yarımbəndində göstərilən şəxslərə iclasa ən azı 3 iş günü qalmış məlumat verir;

4.6.6. Apelyasiya Şurasının iclaslarının protokolunu tərtib edir və imzalanması üçün Apelyasiya Şurasının sədrinə təqdim edir;

4.6.7. Apelyasiya Şurasının qərarlarının (məktublarının, digər sənədlərinin) layihəsini hazırlayır, baxılması və imzalanması üçün Apelyasiya Şurasının sədrinə təqdim edir;

4.6.8. Apelyasiya Şurasının qərarlarının (məktublarının, digər sənədlərinin) aidiyyəti üzrə göndərilməsini təmin edir;

4.6.9. Apelyasiya Şurasında baxılan şikayətlərin uçotunu aparır, onları təhlil edir, ümumiləşdirir və nəticəsi barədə Apelyasiya Şurasının sədrinə yarımillik və illik arayışlar (hesabatlar) təqdim edir;

4.6.10. Apelyasiya Şurasına daxil olan şikayətlər barədə zəruri məlumatları tələb olunan qaydada “Elektron hökumət” portalındakı “Mərkəzi və yerli icra hakimiyyəti orqanlarının Apelyasiya Şuralarına müraciətlərin elektron qəbulu sistemi”nə daxil edir, habelə Apelyasiya Şurasının iclaslarında baxılan məsələlər barədə məlumatı Dövlət Turizm Agentliyinin rəsmi internet saytı vasitəsilə yayır;

4.6.11. Apelyasiya Şurasının fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, siyahısı qanunla müəyyən edilmiş açıqlanmalı olan informasiyanın Dövlət Turizm Agentliyinin rəsmi internet saytında yerləşdirilməsini və daim yenilənməsini təmin edir;

4.6.12. Apelyasiya Şurası sədrinin göstərişlərini icra edir;

4.6.13. Apelyasiya Şurasının protokollarının və qərarlarının əsllərini, habelə şikayətlərlə bağlı Apelyasiya Şurasına daxil olmuş və toplanmış sənədləri saxlayır;

4.6.14. bu Əsasnamədə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir və hüquqları həyata keçirir.

4.7. Katibliyin rəhbəri və tərkibinə daxil olan şəxslər icra intizamına ciddi əməl etməlidirlər.

4.8. Bu Əsasnamənin 4.6.3-cü yarımbəndində nəzərdə tutulan rəylər 2 iş günündən gec olmayaraq təqdim edilməlidir. Təqdim edilən rəylər əsaslandırılmalı, aydın və birmənalı şəkildə ifadə olunmalıdır.

4.9. Apelyasiya Şurasının iclası keçirilənədək bu Əsasnamənin 1.8-ci bəndində nəzərdə tutulan hallardan biri müəyyən edildikdə, Apelyasiya Şurasında şikayətə mahiyyəti üzrə baxılmır və bu Əsasnamənin 5.7-ci və 5.8-ci bəndlərinə uyğun olaraq tədbirlər görülür.

4.10. Dövlət Turizm Agentliyinin Apelyasiya Şurasının qərarları, digər hərəkət və hərəkətsizliyi barədə şikayət üzrə sənədlərin (materialların) Azərbaycan Respublikasının Prezidenti yanında Apelyasiya Şurasının Katibliyinə təqdim edilməsinə dair yazılı və ya şifahi sorğu daxil olduqda, Dövlət Turizm Agentliyinin Apelyasiya Şurasının Katibliyi tələb olunan sənədləri, o cümlədən Apelyasiya Şurasında baxılmış şikayəti, Apelyasiya Şurasının qərarını, iclasının protokolunu, videoçəkilişini, üzvlərinin rəylərini, şikayət üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarının olub-olmaması, Dövlət Turizm Agentliyinin və ya onun Apelyasiya Şurasının qərarından, digər hərəkət və ya hərəkətsizliyindən məhkəməyə şikayət verilib-verilməməsi, cinayət təqibi, inzibati xətalara dair işlər üzrə icraatın olub-olmaması barədə məlumatları, digər sənədləri (materialları) elektron qaydada (skan edilmiş şəkildə) 5 iş günündən gec olmayaraq Azərbaycan Respublikasının Prezidenti yanında Apelyasiya Şurasının Katibliyinə təqdim etməlidir. Bu sorğunun vaxtında yerinə yetirilməməsi və ya natamam yerinə yetirilməsi Azərbaycan Respublikasının Prezidenti yanında Apelyasiya Şurasının fəaliyyətinə maneə kimi qiymətləndirilir.

4.11. Apelyasiya Şurasının sədri, digər üzvləri və (və ya) Katibliyinin rəhbəri Azərbaycan Respublikasının Prezidenti yanında Apelyasiya Şurasının iclasına dəvət olunduqda iclasda iştirak etməlidirlər.

4.12. Azərbaycan Respublikasının Prezidenti yanında Apelyasiya Şurasının qərarı daxil olduqda, həmin qərarın bir ay müddətində (bu qərarda ayrı müddət nəzərdə tutulmamışdırsa) icra edilməsi, yol verilmiş qanun pozuntularının aradan qaldırılması, o cümlədən qanunsuz qərarların ləğv edilməsi, təqsirkar şəxslərin məsuliyyətə cəlb olunması Apelyasiya Şurası və Dövlət Turizm Agentliyi tərəfindən təmin edilməli, nəticəsi barədə Azərbaycan Respublikasının Prezidenti yanında Apelyasiya Şurasına və şikayətçiyə məktub göndərilməlidir.

 

5. Şikayətlərə dair tələblər

5.1. Şikayət yazılı (o cümlədən elektron) formada tərtib edilir. Şikayətdə aşağıdakı məlumatlar göstərilir:

5.1.1. ünvanlandığı qurumun – Apelyasiya Şurasının adı;

5.1.2. şikayətçinin soyadı, adı, atasının adı, yaşayış yeri və ya olduğu yer (hüquqi şəxsin adı və hüquqi ünvanı);

5.1.3. şikayətçinin VÖEN-i;

5.1.4. şikayətin məzmunu və şikayətçinin tələbi (tələbləri);

5.1.5. şikayətin predmeti üzrə bundan əvvəl Dövlət Turizm Agentliyinə edilmiş müraciət (müraciətlər) və alınmış cavab (cavablar) barədə məlumatlar;

5.1.6. icraatı təzələmək üçün təkrar şikayətlə müraciət etmək imkanı verən əsaslar;

5.1.7. şikayətə əlavə edilmiş sənədlərin siyahısı.

5.2. Bu Əsasnamənin 5.1.3-cü və 5.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş tələblər dövlət qulluğuna qəbulla bağlı keçirilən müsahibənin nəticələrindən verilən şikayətlərə şamil edilmir.

5.3. Şikayətlər müraciət edən fiziki şəxsin özü və ya hüquqi şəxsin rəhbəri, yaxud onların səlahiyyətli nümayəndələri tərəfindən (səlahiyyəti təsdiq edən sənədin əsli və ya surəti şikayətə əlavə edilməklə) imzalanır.

5.4. Hüquqi şəxs tərəfindən təqdim olunan şikayətlərə həmin hüquqi şəxsin möhürü vurulmalıdır. Bu tələb rezident və qeyri-rezident hüquqi şəxslərin nümayəndəlik, filial və idarələrinə də şamil edilir. Bu zaman şikayətlərə müvafiq nümayəndəlik, filial və ya idarənin möhürü vurulur.

5.5. Şikayətlərin əsaslı olduğunu təsdiq edən sənədlərin (dövlət, qeyri-dövlət və yerli özünüidarəetmə orqanlarından alınmış qərar, akt, rəy, məktub, arayış, qəbz və digər sənədlərin) surətləri şikayətlərə əlavə edilir.

5.6. Şikayət bu Əsasnamənin 5.1-ci, 5.3–5.5-ci bəndlərində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə, şikayət daxil olduqdan sonra 5 iş günü müddətində yol verilmiş nöqsanlar şikayətçinin nəzərinə çatdırılmaqla işçi qaydada aradan qaldırılır. Həmin nöqsanlar vaxtında aradan qaldırılmadıqda şikayət baxılmamış saxlanılır və bu Əsasnamənin 5.8-ci bəndinə uyğun olaraq tədbir görülür. Tələb olunan sənədlərin (məlumatların) təqdim edilməsi şikayətçidən asılı olmayan səbəblərə görə mümkün deyilsə, çatışmayan sənədlər (məlumatlar) Apelyasiya Şurası tərəfindən əldə olunur.

5.7. Apelyasiya Şurasına daxil olmuş müraciət digər dövlət orqanının və ya qurumunun səlahiyyətinə aid olduqda (o cümlədən bu Əsasnamənin 1.8.2-ci yarımbəndində və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsində nəzərdə tutulmuş hallarda) qanunla müəyyən edilmiş qaydada baxılması üçün həmin dövlət orqanına və ya qurumuna göndərilir və bu barədə şikayətçiyə yazılı məlumat verilir.

5.8. Apelyasiya Şurasında mahiyyəti üzrə baxılmış şikayət üzrə şikayətçiyə qəbul olunmuş qərar, mahiyyəti üzrə baxılmamış müraciət üzrə isə müraciət etmiş şəxsə əsaslandırılmış cavab göndərilir.

5.9. Apelyasiya Şurasına şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə verilə bilər. Bu müddətlər üzrlü səbəbdən buraxıldıqda (şikayətçinin xəstəliyi, ölkənin hüdudlarından kənarda olması və s.) şikayətçinin vəsatətinə əsasən Apelyasiya Şurasının sədri tərəfindən bərpa edilir.

5.10. Apelyasiya Şurası daxil olmuş şikayətlə bağlı zəruri məlumatları və sənədləri əldə etmək üçün aidiyyəti dövlət və yerli özünüidarəetmə orqanlarına sorğular verə bilər. Məlumatların sorğuda müəyyən edilmiş müddətdə təqdim olunmaması və ya natamam təqdim olunması Apelyasiya Şurasının fəaliyyətinə maneə kimi qiymətləndirilir.

 

6. Apelyasiya Şurasının iclasının keçirilməsi qaydası

6.1. Apelyasiya Şurasının iclası onun üzvlərinin azı üçdə ikisi iştirak etdikdə baş tutmuş sayılır.

6.2. Apelyasiya Şurasının iclası şikayət baxılmaq üçün hazır olduqda, habelə Apelyasiya Şurası sədrinin və ya digər üzvünün təşəbbüsü ilə keçirilir.

6.3. Apelyasiya Şurasının hər bir iclasının reqlamenti müzakirə olunacaq müraciətlərdən asılı olaraq Apelyasiya Şurasının sədri tərəfindən müəyyənləşdirilir.

6.4. Şikayətçilər (onların səlahiyyətli nümayəndələri) Apelyasiya Şurasının iclasında iştirak etmək hüququna malikdirlər. Apelyasiya Şurasının iclasına dəvət olunmuş Dövlət Turizm Agentliyinin, onun strukturuna daxil olan müvafiq qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların aidiyyəti vəzifəli şəxsləri, ekspert və mütəxəssislər iclasda iştirak etməlidirlər. Bu bənddə göstərilmiş şəxslərin iclasa gəlməməsi şikayətə baxılmasına və müvafiq qərarın qəbul edilməsinə mane olmur.

6.5. Apelyasiya Şurasının gündəliyinə daxil edilmiş şikayətlərlə bağlı toplanmış dəlillər Apelyasiya Şurasının üzvləri tərəfindən müzakirə edilir və hər bir məsələyə ayrıca münasibət bildirilir.

6.6. Apelyasiya Şurasının iclasında qərarlar açıq səsvermə yolu ilə iclasda iştirak edən üzvlərin sadə səs çoxluğu ilə qəbul edilir. Səslər bərabər olduqda, Apelyasiya Şurası sədrinin səsi həlledici sayılır. Şuranın sədri axırıncı səs verir.

6.7. Apelyasiya Şurasının gündəliyinə daxil edilmiş şikayətlərlə bağlı Apelyasiya Şurasının sədri, digər üzvlərindən biri və ya Katibliyinin rəhbəri məruzə edir.

6.8. Apelyasiya Şurasının iclasında şikayətlə müraciət etmiş şəxslərin səlahiyyətli nümayəndələri iştirak etdikdə, nümayəndənin səlahiyyətini təsdiq edən sənədin əsli (və ya surəti) Katibliyə təqdim edilməlidir.

6.9. Apelyasiya Şurasının iclasına dəvət olunan şəxslər təkliflər vermək və müvafiq məsələlərə münasibət bildirmək hüququna malikdirlər.

6.10. Apelyasiya Şurasının qərarları barədə məlumat Katiblik tərəfindən Dövlət Turizm Agentliyinin rəsmi internet saytı vasitəsilə yayılır, habelə tələb olunan formada “Elektron hökumət” portalındakı “Mərkəzi və yerli icra hakimiyyəti orqanlarının Apelyasiya Şuralarına müraciətlərin elektron qəbulu sistemi”nə daxil edilir.

6.11. Apelyasiya Şurasının iclasının və gündəliyinə daxil edilmiş şikayətlərin müzakirəsinin videoçəkilişi həyata keçirilir və ən azı bir il müddətində saxlanılır.

6.12. Apelyasiya Şurasının sədri üzrlü səbəblərlə əlaqədar (məzuniyyət, ezamiyyət, xəstəlik və s.) Apelyasiya Şurasının iclaslarında iştirak edə bilmədikdə, Apelyasiya Şurası sədrinin səlahiyyətləri Dövlət Turizm Agentliyinin sədri tərəfindən Dövlət Turizm Agentliyi aparatının rəhbərinə həvalə edilir.

6.13. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci və 43-cü maddələrində nəzərdə tutulmuş hallarda şikayətçi iş üzrə qərar qəbul olunanadək Apelyasiya Şurasının hər hansı üzvünə, ekspertə və ya mütəxəssisə etiraz edə bilər.

6.14. Etiraz barədə ərizə yazılı formada verilməli və əsaslandırılmalıdır. Apelyasiya Şurasının üzvünə etiraz barədə ərizəyə həmin üzvün iştirakı olmadan baxılır, sadə səs çoxluğu ilə müvafiq qərar qəbul edilir və nəticəsi barədə şikayətçiyə məlumat verilir.

6.15. Şikayət üzrə toplanmış sənədlərin (materialların) ilkin müzakirəsi üçün Apelyasiya Şurası üzvlərinin iştirakı ilə hazırlıq iclasları keçirilə bilər.

 

7. Apelyasiya Şurasının iclas protokollarına və qəbul etdiyi qərarlara dair tələblər

7.1. Apelyasiya Şurasının iclasının nəticəsi Apelyasiya Şurasının sədri və Katibliyin rəhbəri tərəfindən imzalanmış iclas protokolunda əks olunmaqla rəsmiləşdirilir.

7.2. Apelyasiya Şurasının iclas protokolunda aşağıdakılar göstərilməlidir:

7.2.1. iclasın keçirildiyi tarix və yer;

7.2.2. iclasa sədrlik edən və iclasda iştirak edən Apelyasiya Şurası üzvlərinin, Katibliyin rəhbərinin, dəvət edilmiş digər şəxslərin və (və ya) onların səlahiyyətli nümayəndələrinin adları, soyadları və ata adları;

7.2.3. gündəliyə daxil edilmiş şikayətin predmeti, qısa məzmunu və əsasları;

7.2.4. gündəliyə daxil edilmiş şikayətin predmeti üzrə daha əvvəl qəbul edilmiş qərarlar və həmin qərarların əsasları;

7.2.5. Apelyasiya Şurasının iclasında iştirak edən şəxslərin çıxışları;

7.2.6. Apelyasiya Şurasının daxil olmuş şikayətlə bağlı topladığı sübutlar, gəldiyi nəticələr, aidiyyəti hüquqi aktlara istinad;

7.2.7. səsə qoyulan təkliflər, səsvermənin nəticəsi və Apelyasiya Şurası tərəfindən qəbul edilmiş qərar.

7.3. Apelyasiya Şurası Dövlət Turizm Agentliyinin qərarı, digər hərəkət və ya hərəkətsizliyinə dair şikayət üzrə aşağıdakı qərarlardan birini qəbul edir:

7.3.1. qərar dəyişdirilmədən saxlanılsın;

7.3.2. qərar tamamilə və ya qismən ləğv edilərək, yeni qərar qəbul edilsin;

7.3.3. qərar dəyişdirilsin;

7.3.4. şikayət digər hərəkət və ya hərəkətsizlikdən verilibsə, həmin hərəkət və ya hərəkətsizlik qanuni və ya qanunsuz hesab edilsin (sonuncu halda müvafiq hərəkətin edilməsi vəzifəsi Dövlət Turizm Agentliyinin üzərinə qoyulmaqla);

7.3.5. şikayət üzrə icraata xitam verilsin.

7.4. Bu Əsasnamənin 7.3-cü bəndində nəzərdə tutulmuş qərar qəbul edilərkən şikayətin məzmunundan və işin hallarından asılı olaraq qərarda aşağıdakı məsələlər də öz əksini tapmalıdır:

7.4.1. şikayətin təmin edilməsi;

7.4.2. şikayətin qismən təmin edilməsi;

7.4.3. şikayətin təmin edilməməsi;

7.4.4. şikayətin aidiyyəti dövlət orqanına və ya qurumuna baxılması və nəticəsi barədə Apelyasiya Şurasına və şikayətçiyə məlumat verilməsi üçün göndərilməsi.

7.5. Şikayət bu Əsasnamənin 1.6-cı və 1.7-ci bəndləri ilə müəyyən edilmiş qaydada daxil olduqda, Apelyasiya Şurasının qəbul etdiyi qərarda şikayətin araşdırılması vəzifəsinin Dövlət Turizm Agentliyinin, onun struktur bölməsinin, strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların üzərinə qoyulması qadağandır.

7.6. Müvafiq xüsusiyyətlər nəzərə alınmaqla, bu Əsasnamənin 7.3–7.5-ci bəndləri Apelyasiya Şurasında dövlət qulluğuna qəbulla bağlı keçirilən müsahibənin nəticələrindən verilmiş şikayətlərə baxılmasına da şamil edilir.

7.7. Apelyasiya Şurasının qərarı əsaslandırılmış şəkildə tərtib olunmalı və işin bütün hallarını özündə əks etdirməlidir. Qərar giriş, təsviri, əsaslandırıcı və nəticə hissəsindən ibarətdir və həmin hissələrdə aşağıdakı məlumatlar qeyd edilir:

7.7.1. giriş hissəsində Apelyasiya Şurasının qərarının qəbul edildiyi tarix və yer, bu Əsasnamənin 7.2.2-ci yarımbəndində olan məlumatlar, şikayətin predmeti və irəli sürülən tələblər;

7.7.2. təsviri hissədə şikayət edən şəxsin təqdim etdiyi dəlillər, şikayətin predmeti üzrə əvvəllər qəbul edilmiş qərarlar (edilmiş digər hərəkət və ya hərəkətsizliklər) və onların qısa məzmunu, əsasları, habelə işdə iştirak edən şəxslərin izahatları;

7.7.3. əsaslandırıcı hissədə Apelyasiya Şurasının əldə etdiyi sübutlar və topladığı sənədlər barədə məlumatlar, aidiyyəti hüquqi aktlara istinadlar;

7.7.4. nəticə hissəsində Apelyasiya Şurasının qəbul etdiyi qərar, qərarın icrasına dair göstəriş və qərardan şikayətin verilməsi qaydası.

7.8. Şikayətçi Apelyasiya Şurasının qərarından Azərbaycan Respublikasının Prezidenti yanında Apelyasiya Şurasına şikayət verə bilər.

7.9. Apelyasiya Şurasının qərarının əslinin şikayətçiyə göndərilməsi və ya rəsmi təqdim edilməsi, habelə tələb olunduğu halda qərarın surətinin və ya elektron variantının Azərbaycan Respublikasının Prezidenti yanında Apelyasiya Şurasına göndərilməsi məcburidir. Apelyasiya Şurasının qərarlarının və məktublarının aidiyyəti üzrə göndərilməsini Katiblik təşkil edir.

7.10. Apelyasiya Şurasının qərarı qəbul edildiyi andan qüvvəyə minmiş hesab olunur.

7.11. Apelyasiya Şurasının iclası zamanı bu Əsasnamənin 1.8-ci bəndində nəzərdə tutulan hallardan biri müəyyən edilərsə, Apelyasiya Şurası şikayət üzrə icraata xitam verilməsinə dair qərar qəbul edir.

7.12. Apelyasiya Şurasının qərarı Dövlət Turizm Agentliyinin struktur bölməsinə, strukturuna daxil olan müvafiq quruma və ya strukturuna daxil olmayan tabeliyindəki digər quruma daxil olduqdan sonra həmin bölmə və ya qurum tərəfindən bir ay müddətində (qərarda ayrı müddət nəzərdə tutulmamışdırsa) icra olunmalı və nəticəsi barədə Apelyasiya Şurasına və şikayətçiyə rəsmi məlumat verilməlidir.

7.13. Dövlət Turizm Agentliyi, onun struktur bölməsi, strukturuna daxil olan müvafiq qurum və ya strukturuna daxil olmayan tabeliyindəki digər qurum bu Əsasnamənin 7.12-ci bəndində nəzərdə tutulmuş müddətdə Apelyasiya Şurasının qərarını yerinə yetirməzsə və ya natamam yerinə yetirərsə, yaxud Apelyasiya Şurasına və şikayətçiyə zəruri məlumat və təsdiqedici sənədlər təqdim etməzsə və ya natamam təqdim edərsə, bu hal bu Əsasnamənin və icra intizamının pozuntusu kimi qiymətləndirilir.

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin Apelyasiya Şurasının Katibliyinin tərkibi

Katibliyin sədri: 

Ümumi şöbənin müdiri - Cəmilə Abbasova

Katibliyin üzvləri: 

Ümumi şöbənin Vətəndaş müraciətləri və sənədlərlə iş sektorunun baş məsləhətçisi - Rüstəm Mehtizadə

Ümumi şöbənin Vətəndaş müraciətləri və sənədlərlə iş sektorunun böyük məsləhətçisi - Jalə Salmanova