Azərbaycan Turizm Bürosu aviabiletlər üzrə metaaxtarış mühərriki olan “Aviasales” ilə birgə sosial media istifadəçiləri üçün xüsusi kampaniyaya start verib.
Belə ki, 17 sentyabrdan etibarən başlayan kampaniya “Avisales” platformasının instaqram sosial şəbəkəsindəki izləyiciləri üçün nəzərdə tutulub.
Müsabiqənin şərtlərinə tam şəkildə əməl edən izləyicilər arasından xüsusi tətbiq vasitəsilə təsadüfi şəkildə seçiləcək qalib Azərbaycana biletlə mükafatlandırılacaq.
Şərtlərə əsasən iştirakçılar “Aviasales”in instaqram səhifəsində müsabiqə paylaşımını bəyənərək onu öz hekayələrində hissəsində yerləşdirməli, “Aviasales” və “Experience Azerbaijan” səhifələrini izləməli, şərhlərdə Azərbaycanda görmək istədikləri yerlər və ya digər turistik fəaliyyətlərlə bağlı fikirlərini bildirməlidirlər.
Müsabiqə sentyabrın 24-ə qədər davam edəcək.
Bundan əlavə, “Aviasales” auditoriyasının ölkəmizdə ilboyu mövcud olan səyahət imkanları ilə bağlı yaxından tanış olmaları məqsədilə platformanın instaqram səhifəsində ətraflı məlumat yayımlanıb. 12 hissədən ibarət olan paylaşım vasitəsilə ilin bütün ayları üzrə ölkəmizin görməli yerləri və turistik fəaliyyətlər cəlbedici görüntülərlə təqdim olunub.
Sosial media istifadəçiləri arasında təbliğatın vacibliyini vurğulayan Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid beynəlxalq təbliğat kampaniyaları çərçivəsində “Aviasales”lə qurulan əməkdaşlığın Azərbaycanın turizm imkanlarının hərtərəfli tanıdılmasına xidmət etdiyini qeyd edib.
O bildirib ki, müsabiqə şərtləri də istifadəçilər üçün Azərbaycanla bağlı maraq doğuran məqamları öyrənməyə imkan verir.
Qeyd edək ki, 2007-ci ildən istifadəyə verilmiş, hədəf bazarları Rusiya və MDB ölkələri olan “Aviasales” platforması aviabilet axtarış sistemdir. Aylıq auditoriyası təqribən 15 milyon təşkil edən “Aviasales” verilən axtarışa əsasən mövcud uçuşları seçimlərə uyğun müqayisə edir, sorğuya əsasən ziyarətçini aviaşirkət və agentliklərin rəsmi saytlarına yönəldir.