Azərbaycan Turizm Bürosu tərəfindən onlayn təlim platforması istifadəyə verilib.
“Azerbaijan 101: e-learning project powered by ATB” adlı platformanın yaradılmasında məqsəd beynəlxalq turizm sənayesinin nümayəndələrinə Azərbaycanın təqdim etdiyi turizm imkanları barədə təlimlər keçməkdir.
Belə ki, Azərbaycan da daxil olmaqla dünyanın istənilən ölkəsindən olan iştirakçılar “elearning.tourismboard.az” portalında qeydiyyatdan keçərək ödənişsiz təlimlərə qoşulmaq imkanına sahibdirlər.
Təlimlər 5 moduldan ibarət olmaqla Azərbaycan haqqında ümumi məlumat, müalicəvi turizm məhsulları, qastronomiya, şərab turları, ölkənin zəngin mədəni irsi kimi mövzuları əhatə edir.
Eyni zamanda yerli istifadəçilər üçün “Yenilənmiş azerbaijan.travel vebsaytının funksiyaları” və “Viator platformasından istifadə” adlı 2 modul da mövcuddur.
Artıq bir neçə gündür ki, fəaliyyət göstərən təlim portalında indiyədək 235 nəfər qeydiyyatdan keçib və onlar test mərhələsindən uğurla keçərək 427 sertifikat əldə ediblər.
Sertifikatlaşmanı uğurla adlayaraq “Azərbaycan turizmi üzrə ekspert” statusunu qazanmış iştirakçılar əsasən ABŞ, Böyük Britaniya, Almaniya, Yunanıstan, İsrail, Yaxın Şərq və Pakistan və s. ölkələrin vətəndaşlarıdırlar.
Bundan əlavə, Azərbaycan Turizm Bürosunun Azərbaycan və ingilis dillərində fəaliyyət göstərən, yenilənmiş rəsmi veb-saytında “COVID-19 (Coronavirus) update” adlı mütəmadi olaraq yenilənən bölmə yaradılıb.
Bölmədə yeni növ pandemiya ilə əlaqədar ölkələr üzrə Azərbaycana səyahətlə bağlı məhdudiyyət tarixləri və ziyarətçilər üçün ümumi tövsiyələr yerləşdirilib.
Nazirlər Kabineti yanında Operativ Qərargahın rəsmi məlumatlarına istinad edilən və vahid informasiya bazası rolunu oynayan bölmədə əcnəbi ziyarətçilərin Azərbaycanda səfərdə olarkən riayət etməli olduqları gigiyena qaydaları, həmçinin onlar tərəfindən maraq doğuran suallara cavablar əksini tapıb.
Veb-saytda, həmçinin beynəlxalq bazarlardakı cari vəziyyət haqda məlumatların təqdimatı məqsədilə də “Markets” adlı xüsusi bölmə təsis edilib.
Bölmədə cədvəl formatında Azərbaycanın hədəf bazarlarında COVID-19 virusu ilə mübarizə tədbirləri barədə məlumatlar yerləşdirilib.
Cədvəldəki müvafiq məlumatlara əsaslanaraq bu bazarlarda kommunikasiya və marketinq fəaliyyətinə nə zaman başlanılması üçün mühüm məlumatlar əldə etmək olar.