İyunun 13-də “Turizm Könüllüləri” Təşkilatı İctimai Birliyi və ATMU-nun birgə təşkilatçılığı ilə “Voluntourizoom online hub” layihəsinin qonağı Azərbaycan Turizm Bürosunun (ATB) Baş icraçı direktorunun müavini Bəhruz Əsgərov olub.
“Dünyanın gözündən Azərbaycan” mövzusunda qonaq olan Bəhruz Əsgərov Azərbaycan Turizm Bürosunun daim turizm sahəsinə maraq göstərən gənclərə dəstək göstərdiyini, turizm sektorunun gənc və savadlı kadrlara hər zaman ehtiyac duyduğunu qeyd edib.
İştirakçıların pandemiya dövrü ərzində Azərbaycan turizminin təbliğat formaları ilə bağlı sualına cavab verən Bəhruz Əsgərov təkcə may ayı ərzində Avropa, Asiya və Yaxın Şərq regionunun bir sıra turizm şirkətlərinin iştirakı ilə Azərbaycanın turizm məhsullarının təbliği məqsədilə 30-dan çox vebinarın təşkil olunduğunu, bu onlayn tədbirlərə 1300-dən çox iştirakçının qatıldığını diqqətə çatdırıb.
ATB rəsmisi Büronun yenilənmiş veb-saytından, təkcə məlumatlandırıcı deyil, həmçinin turistlərə müxtəlif seçimlər təklif edən təkmilləşdirilmiş “Azerbaijan.travel” saytının funksiyalarından, “E-öyrənmə” onlayn təlim platformasından söz açaraq iştirakçılara digər onlayn resurslar barədə də ətraflı məlumat verib.
O, ATB-nin post-pandemiya dövründən sonrakı planları, ölkəmizin turizmin müxtəlif növləri üzrə imkanları və digər mövzularda ünvanlanan sualları cavablandırıb.
Sonda Bəhruz Əsgərov turizm sahəsində könüllülüyün perspektivliyindən danışaraq gənclərə öz tövsiyələrini verib.