Azərbaycan dünya üzrə keçirilən turizm sahəsində startap yarışmasına qoşulur

16:05 04.07.2018
BMT-nin Ümumdünya Turizm Təşkilatı 20-dən çox ölkədə turizm sahəsində fəaliyyət göstərən mərkəzləri birləşdirən ispan-amerikan şirkəti olan “Qlobalia” şirkəti ilə tərəfdaşlıq çərçivəsində turizm start-up müsabiqəsini elan edib.
 
Müsabiqə miqyasına görə dünyanın ilk və ən böyük təşəbbüsü kimi turizm sahəsinə köklü dəyişikliklər gətirəcəyi gözlənilən ən uğurlu yanaşmaları taparaq yaranmaqda olan və hazırda trend olan yeni innovasiya və texnologiyaların tətbiqi üzrə, eləcə də dövri iqtisadiyyat kimi yeni biznes modelləri üzrə startapların dəstəklənməsinə istiqamətlənib.
 
Ümumilikdə, müsabiqənin əsas məqsədlərindən biri turizmdə davamlılığın təmin edilməsi yönündə töhfələr verəcək layihələrin üzə çıxarılmasıdır. Bu məqsədlə ən yaxşı təklif və layihələrin seçilməsi üçün dünyanın 164 ölkəsində, o cümlədən Azərbaycanda müsabiqə elan edilib.
 
Qlobal investorlar və korporasiyaların, turizm sahəsində fəaliyyət göstərən böyük şirkətlərin nümayəndələrindən ibarət münsiflər heyəti layihələri potensial təsirlər, biznes modeli, komanda işi, fərqlilik və yenilikçilik, dayanıqlılıq meyarları üzrə qiymətləndirəcəklər.
 
Layihələrin aşağıdakı istiqamətlər üzrə olması tövsiyəolunandır:

- “Gələcəyin səyahətləri” – innovativ layihələr
- “Fərqli turizm təcrübələri”- tematik turizm istiqamələri (qastronomik, idman və macəra turizmi) üzrə layihələr
- Turizmin ətraf mühitə zərərli təsirlərinin yeni texnologiyalar vasitəsilə azaldılması istiqamətində olan layihələr
- Yerli, lokal, mərkəzdən kənar turizm imkanlarının inkişaf etdirilməsi üzrə olan layihələr
Dövlət Turizm Agentliyi və Milli Turizm Təbliğat Bürosu adı çəkilən layihədə iştirak etmək istəyən hər kəsi müsabiqəyə qoşulmağa dəvət edir.