Azərbaycan Hotel Assosiasiyasının 5-ci Baş Assambleyası keçirilib

14:12 07.12.2022
Dekabrın 7-də Bakıda Azərbaycan Hotel Assosiasiyasının 5-ci Baş Assambleyası keçirilib.
 
Tədbirin keçirilməsində məqsəd Azərbaycan Hotel Assosiasiyasının illik hesabatlarının ictimaiyyətə açıqlanması, Milli Ulduz Təsnifatı əsasında ulduzlaşma prosesi, bu istiqamətdə görülmüş və planlaşdırılan tədbirlər, həmçinin hotel sənayesi ilə əlaqədar digər məsələlər barədə məlumatların verilməsidir.
 
Assambleyada çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev turizmin sütunlarından biri olan hotelçiliyin inkişafının ölkə turizmi üçün çox önəmli faktorlardan olduğunu qeyd edib.

Fuad Nağıyev 2 ildir ki, uğurla həyata keçirilən Milli Ulduz Təsnifatına indiyədək 150 hotelin müraciət etdiyini, 100-ə yaxın hotelin təsnifatının başa çatdığını, onlardan isə cəmi 44 hotelin 5, 4 və 3 ulduz dərəcəsinə layiq görülərək müvafiq sertifikatlarla təltif edildiyini bildirib. Ulduz kateqoriyası əldə etmək üçün edilən müraciətlərin çox az bir hissəsinin qoyulan tələbləri ödədiyini qeyd edən Agentlik sədri bunların içərisində çoxsaylı uyğunsuzluqlar səbəbilə təkrar auditə qalan və ya təsnifata yenidən müraciət etməli olan hotellərin çoxluq təşkil etdiyini əlavə edib.

Fuad Nağıyev qeyd edib ki, ulduz sertifikatına malik olan hotellərin sayının artması sağlam rəqabəti stimullaşdıracaq və bu da nəticə etibarilə hotelçilik sənayesinin inkişafına təkan verəcək, tələb və təklif qanununun daha dolğun realizə edilməsinə töhfə verəcək.
 
Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid bildirib ki, ulduz kateqoriyasının verilməsi prosesi pandemiya ilə əlaqədar ləngisə də, hazırda, xüsusilə də yeni qanunun qüvvəyə minməsi ilə artan müraciətlər fonunda yenidən dinamik olaraq həyata keçirilir. Azərbaycan Turizm Bürosu və Azərbaycan Hotel Assosiasiyası tərəfindən hotellərə konsultativ dəstəyin göstərilməsi təmin edilir.
 
Assambleya çərçivəsində cari ildə qonaq rəyləri əsasında yüksək qiymətləndirilən hotellərin və qonaqpərvərlik sənayesi nümayəndələrinin təltifetmə mərasimi keçirilib, həmçinin AHA-nın İdarə Heyəti üzvləri, eləcə də sədrinin seçilməsi üçün keçirilmiş səsvermənin nəticələri açıqlanıb.
Səsverməyə əsasən, İdarə Heyətinin yeni sədri Eldar Əlimuradov seçilib.
 
Daha sonra assambleya öz işini müxtəlif mövzulara həsr olunmuş sessiyalarla davam etdirib.