Azərbaycan “Hotel Dayanıqlılığının Əsasları” proqramının ölkə tərəfdaşı oldu

17:32 06.03.2023
Azərbaycan Turizm Bürosunun təşəbbüsü ilə Azərbaycan Ümumdünya Səyahət və Turizm Təşkilatının “Hotel Dayanıqlılığının Əsasları” proqramının ölkə tərəfdaşı seçilib.
 
Proqramın geniş ictimaiyyətə tanıdılması məqsədilə martın 6-da Almaniyanın Berlin şəhərində mətbuat konfransı keçirilib. Mətbuat konfrasında Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid, Ümumdünya Səyahət və Turizm Təşkilatının prezidenti Culiya Simpson, Dayanıqlı Qonaqpərvərlik Alyansının baş icraçı direktoru Qlen Mandjuk və Proqramın hotel tərəfdaşı olan “Radisson” Hotel Qrupunun dayanıqlılıq üzrə vitse-prezidenti İnge Huybrexts iştirak ediblər.
 
Proqramın əsas məqsədi dayanıqlı turizimin təbliğ edilməsi məqsədilə hotellərdə qlobal olaraq qəbul edilmiş bir sıra meyarların tətbiq edilməsinə nail olmaqdır.
 
Proqram “Səmərəlilik” (enerji və su israfını azaltmaq, karbon emissiyasını minimallaşdırmaq və s.), “Planet” (hotellərdə istehlak olunan məhsulların yenidən istifadəsi, təbiətyönümlü təmizlik məhsullarından istifadə və s.) və “İnsanlar” (icmanın faydalanması və bərabərsizliyin azaldılması) kimi 3 sahə üzrə qruplaşdırılan 12 meyardan ibarətdir.
 
Konfransda çıxış edən Florian Zenqstşmid bu proqramın Azərbaycanın dayanıqlı turizm inkişafı strategiyasına mühüm əlavə olduğunu qeyd edib.
O bildirib ki, bu proqrama qoşulmaq təkcə özümüzə və ziyarətçilərə qarşı deyil, həm də Azərbaycan kimi inkişaf etməkdə olan digər destinasiyalara qarşı məsuliyyət deməkdir.
 
Azərbaycanda proqramın tətbiq edilməsinin birbaşa Azərbaycan Hotel Assosiasiyasının məşğul olacağını bildirən Baş icraçı direktor, həmçinin, ölkənin ümumi dayanıqlılıq strategiyası haqqında məlumat verib.
 
Slou Fud səyahət proqramı, quş müşahidəçiliyi, Basqalda həyata keçirilən restovrasiya işləri haqqında mətbuat konfransı iştirakçılarına məlumat verilib və bu layihələrin yerli icmaların rifahının yaxşılaşdırılması,  fauna və floranın mühafizəsi, kiçik bizneslərə dəstək və digər məsələlərdə rolu vurğulanıb.