“Azərbaycan Asiya-Sakit Okean Turizm Assosiasiyasının (PATA) təşkilatçısı olduğu beynəlxalq tədbirlərə ev sahibliyi etməyə hazırdır”.
Bunu Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid iyunun 15-də Asiya-Sakit Okean Turizm Assosiasiyasının (PATA) Baş icraçı direktoru Liz Ortiquera ilə keçirilən onlayn görüşdə deyib.
Florian Zenqstşmid Azərbaycanın PATA-ya üzvlüyünün növbəti illərdə də davam etdirilməsinin planlaşdırıldığını və təşkilatın fəaliyyətində geniş iştirak ediləcəyini bildirib.
Xanım Liz Ortiquera beynəlxalq assosiasiya olaraq Azərbaycanın Asiya və Sakit Okean regionu üzrə marketinq fəaliyyətinə dəstək göstərmək niyyətində olduqlarını qeyd edib.
Qeyd edək ki, Azərbaycan Turizm Bürosu PATA-ya 2019-cu ildən etibarən üzvdür.
Beynəlxalq turizm təşkilatı olan PATA Asiya və Sakit Okean regionu üzrə qarşılıqlı təcrübə mübadiləsi və əməkdaşlıq imkanları yaradaraq üzv dövlətlərin turizminin inkişafına dəstək vermək məqsədini daşıyır.
Dünya üzrə 95 dövlət təşkilatı, 27 beynəlxalq hava yolu şirkəti, hava limanı və kruiz təşkilatı, 108 qonaqpərvərlik şirkəti, 68 təhsil müəssisəsi və yüzlərlə turizm şirkəti daxil olmaqla, ümumilikdə 800-dən çox üzvə malik olan təşkilat 1951-ci ildən etibarən fəaliyyət göstərərək beynəlxalq turizm platforması rolunu oynayır.