Noyabrın 26-da Türkiyənin İstanbul şəhərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) mədəniyyət və turizm sahəsində əməkdaşlıq üzrə işçi qruplarının birgə toplantısı başlayıb.
Toplantıda Dövlət Turizm Agentliyinin də təmsil olunduğu Azərbaycan nümayəndə heyəti ilə birgə 11 üzv ölkənin mədəniyyət və turizm nazirliklərinin nümayəndələri iştirak edirlər.
Birgə toplantıya Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi Maykl Kristides və Avropa Şurasının mədəni marşrutlarına dair genişləndirilmiş çərçivə sazişinin icra katibi Stefano Dominioni də qatılıb.
Tədbir çərçivəsində “Böyük İpək Yolu”nda vahid turizm marşrutu, şərabçılıq turizmi, BMT-nin Ümumdünya Turizm Təşkilatı ilə əməkdaşlıq, beynəlxalq film festivallarında iştirak, QDİƏT-ə üzv ölkələrində turizm tədbirləri və yarmarkaları, təşkilata üzv dövlətlərin YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxilolma və namizədlik siyahısı kimi məsələlər müzakirə edilir.