Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dövlət Turizm Agentliyi ilə əlaqədar Fərman imzalayıb

14:41 08.02.2023
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dövlət Turizm Agentliyinin strukturunun təkmilləşdirilməsi və “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 21 sentyabr tarixli 278 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.
 
Fərmanda qeyd olunur:
 
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin aşağıdakı regional turizm idarələri yaradılsın:

1.1. Bakı-Abşeron Regional Turizm İdarəsi;

1.2. Gəncə Regional Turizm İdarəsi;

1.3. Şəki Regional Turizm İdarəsi;

1.4. Lənkəran Regional Turizm İdarəsi;

1.5. Mingəçevir Regional Turizm İdarəsi;

1.6. Quba Regional Turizm İdarəsi;

1.7. Qarabağ Regional Turizm İdarəsi;

1.8. İsmayıllı Regional Turizm İdarəsi.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

3. “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 sentyabr tarixli 278 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 9, maddə 1841; 2019, № 5, maddə 822, № 10, maddələr 1586, 1588; 2020, № 9, maddə 1154; 2022, № 2, maddə 113) 3-cü hissəsi aşağıdakı redaksiyada verilsin:

“3. Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin işçilərinin say həddi cəmi 151 ştat vahidi olmaqla, Agentliyin Aparatı üzrə 63 ştat vahidi, regional turizm idarələri üzrə 88 ştat vahidi müəyyən edilsin.”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 8 fevral 2023-cü il