İyunun 10-da Azərbaycan Turizm Bürosu, Azərbaycan-Rusiya İşgüzar Şurası, Azərbaycan Turizm Agentlikləri Assosiasiyası və Moskva şəhərinin turizm komitəsi arasında iki ölkənin turizm sənayesinin nümayəndələrinin iştirakı ilə onlayn konfrans keçirilib.
Konfrans çərçivəsində Azərbaycan-Rusiya İşgüzar Şurasının yanında “Turizm Alyansı”nın koordinatoru Anar Rəhmanov, Moskva şəhərinin turizm komitəsinin sədr müavini Tatyana Şarşavitskaya və Azərbaycan Turizm Bürosunun Beynəlxalq bazarların idarəedilməsi departamentinin müdiri Sevinc Zeynallı çıxış ediblər.
Konfrans iştirakçılarına post-pandemiya dövrü üçün Azərbaycanda turizmin 4 mərhələli bərpa planı, “SAHMAN” proqramı və iki ölkə arasında turizm əlaqələrinin inkişaf perspektivləri barədə ətraflı məlumat verilib. Eyni zamanda konfransda turizm sənayesinin gələcəyi, ikitərəfli əlaqələrin möhkəmləndirilməsi, Rusiya və Azərbaycan bazarı üçün yeni turizm məhsullarının təklif edilməsi və turistlərin cəlb olunması üçün vacib olan tədbirlər haqqında müzakirələr aparılıb.
Konfransın sonunda turizm sənayesinin nümayəndələri üçün hər iki ölkədən 10 turizm şirkəti olmaqla B2B (biznesdən biznesə) formatında görüşlər təşkil olunub.