Azərbaycanın film destinasiya kimi potensialı haqda vebinar keçirilib

11:03 11.10.2021
Oktyabrın 8-də Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu tərəfindən təşkil olunan “Azərbaycan – Film destinasiyası” adlı vebinarda ölkəmizin film destinasiya kimi potensialı haqda danışılıb.
 
30-dan çox Hindistan film istehsalı şirkəti, turizm operatoru və tədbir təşkilatı ilə məşğul olan şirkətlərin qatıldığı vebinarda Azərbaycanda unikal və araşdırılmamış çəkiliş yerləri barədə məlumat verilib.
 
Vebinar iştirakçıları Azərbaycanda film çəkilişi sahəsindəki mövcud vəziyyət, kino layihəsi ilə birlikdə turizm təcrübəsinin artırılması, çəkiliş komandasına tövsiyə olunan turizm məhsulları və saytlar haqda məlumatlandırılıblar.
 
Vebinarda bildirilib ki, son bir neçə il ərzində bir çox beynəlxalq idman və mədəni-humanitar tədbirlərə ev sahibliyi edən Azərbaycanı film çəkilişləri üçün xüsusi edən əsas cəhətlər turizm infrastrukturu, kəşf olunmamış məkanların mövcudluğu, ölkənin unikal coğrafi mövqedə yerləşməsi, zəngin tarixi və mədəni abidələrə malik olması, həmçinin filmlərin çəkilməsi üçün əlçatan büdcənin olmasıdır.
 
Qeyd edək ki, “Azərbaycan – Film destinasiyası” vebinarı Hindistan şirkətləri tərəfindən daxil olan çoxsaylı müraciətlər əsasında təşkil edilib.