Azərbaycanın ornitoloji turizm imkanları tanıdılıb

10:39 21.04.2021
Azərbaycanın ornitoloji turizm destinasiyası kimi potensialı Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Avropada ornitoloji (quş müşahidəsi) turizmlə məşğul olan xarici şirkətlər üçün aprelin 20-də keçirilən vebinarda tanıdılıb.
 
Vebinarda Azərbaycanda ornitoloji turizmin inkişaf etdirilməsi imkanları, o cümlədən bu istiqamətdə əlverişli məkanlar və mövcud quş növləri haqqında məlumat verilib. Ornitoloji turizmlə maraqlanan yerli və xarici turizm şirkətləri arasında görüşlər keçirilib və fikir mübadiləsi aparılıb.
 
Həmçinin Azərbaycan Turizm Bürosunun təşəbbüsü ilə yanvar və fevral aylarında ornitoloji turizmə maraq göstərən yerli turizm agentlikləri və Azərbaycan Turizm Bürosunun regional nümayəndələri üçün onlayn təlim keçirilib. “Quşların müşahidəsinə maraqlı olan turistləri necə qonaq etmək və xidmət göstərmək” başlığı ilə keçirilən təlimdə Azərbaycan Turizm Bürosunun ornitoloji turizmi ilə bağlı planları və inkişaf strategiyası təqdim olunub.
 
Təlimdə İsveç ornitoloqu, turizm sahəsində uzun illər təcrübəsi olan turizm eksperti, Orta Şərq, Qafqaz və Mərkəzi Asiya Ornitoloji Cəmiyyətinin üzvü Tomas Axen Haraldson spiker kimi çıxış edib.
 
Təlimdə iştirakçılara, həmçinin Azərbaycanda ornitoloji turizm üzrə müşahidə ərazilərinim xəritəsi, xüsusiyyətləri, həmin ərazilərə aid quş növləri, quş müşahidəçi turistləri üçün tur proqramların nümunələri, quş müşahidəsi təqvimi və digər faydalı məlumatların daxil edildiyi broşur paylanılıb.
 
Qeyd edək ki, ekoturizmin cəlbedici növlərindən biri olan ornitoloji turizmin ölkəmizdə inkişaf etdirilməsi və təşviqi Azərbaycan Turizm Bürosunun prioritet istiqamətlerindən biri kimi müəyyənləşdirilib.