Azərbaycanın turizm potensialı Hindistanda təbliğ olunur

10:35 09.01.2020
8-10 yanvarda Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə 14 yerli turizm şirkəti Hindistanın Nyu-Dehli şəhərində keçirilən “SATTE 2020” sərgisində iştirak edir.
 
Beynəlxalq sərgidə Azərbaycanın turizm imkanları 144 kv.metr sahəni əhatə edən stendlə təbliğ olunur.
 
Sərgi çərçivəsində Azərbaycanı təmsil edən şirkətlərlə digər xarici turizm şirkətləri arasında B2B (Biznesdən-biznesə) formatlı görüşlər keçirilir, əməkdaşlıq imkanları qiymətləndirilir.
 
Sayca 27-ci dəfə təşkil olunan “SATTE 2020” sərgisində dünyanın 50-dən çox ölkəsindən, eyni zamanda Hindistanın 105 şəhərindən 1000-dən çox iştirakçı, 30 mindən çox turizm və səyahət üzrə ixtisaslaşmış mütəxəssis iştirak edir.
 
Qeyd edək ki, 2019-cu ilin yanvar-dekabr aylarında Azərbaycana səfər edən Hindistan vətəndaşlarının sayı 65 min nəfər təşkil edib ki, bu da 2018-ci ilin eyni dövrünə nisbətdə 66.8% artım deməkdir.