Azərbaycanın turizm potensialı Hindistanın virtual sərgisində təbliğ olunub

13:44 17.09.2020
15-16 sentyabrda Azərbaycan Turizm Bürosu Hindistanın “Virtual Travel Mart 2020” sərgisində ölkəmizin turizm potensialını virtual formatda təbliğ edib.
 
Sərgi Azərbaycan Turizm Bürosunun Cənubi Asiya üzrə tərəfdaşı və Hindistanın turizm təlimləri üzrə ixtisaslaşmış ilk onlayn səyahət platforması “TravelGyaan” tərəfindən təşkil olunub.
 
1000-dən çox əcnəbi turagent, turoperator, hotelçilik və toy turizmi üzrə ixtisaslaşmış şirkət nümayəndələrinin iştirak etdiyi virtual sərgi qrup halında  və təkbətək canlı görüşlər şəklində davam edib.
 
Azərbaycan Turizm Bürosunun iştirak etdiyi 42-dən çox onlayn görüşdə iştirakçılara ölkəmizin sağlamlıq, korporativ, toy və digər turizm növləri üzrə imkanları barədə ətraflı məlumat verilib, hindistanlı turistlərin maraq dairəsini əhatə edən mövzularda təqdimatlar keçirilib.
 
Virtual tədbir çərçivəsində cari vəziyyətlə bağlı məlumat mübadiləsi aparılıb və gələcək əməkdaşlıq imkanları müzakirə olunub.
 
Görüşlər zamanı pandemiya və postpandemiya dövründə elektron viza məsələləri, Azərbaycanın turizm sektorunda sanitariya və gigiyena normalarının təmini, hotellərdə yeni qiymət siyasəti, Hindistanla birbaşa hava uçuşları və digər mövzular ətrafında ünvanlanan suallar cavablandırılıb.