“İşğaldan azad olunmuş ərazilərin turizm potensialından səmərəli istifadə istiqamətində işlər görürük”.
Bunu Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid sentyabrın 7-də Moskva şəhərində keçirilən “OTDYKH Leisure” beynəlxalq sərgi və forumunda “Show Must Go On: Turizmin Gələcəyi, Səyahət Tendensiyaları” mövzusuna həsr olunmuş sessiyada onlayn çıxış edərkən bildirib.
Florian Zenqstşmid çıxışında ATB tərəfindən postpandemiya dövründə turizm sənayesinin bərpası istiqamətində müxtəlifyönümlü tədbirlərin həyata keçirilməsi haqqında məlumat verib.
O, yeni turizm məhsulları və marşrutların inkişaf olunması, turizm infrastrukturunun təkmilləşdirilməsi, Naftalan şəhərinin destinasiya brendinin yaradılması və bu istiqamətdə aparılan işlər, eləcə də Büronun gələcək planları barədə danışıb.
Baş icraçı direktor, həmçinin ölkədə uğurlu vaksinasiya prosesi nəticəsində artıq 42 ölkənin vətəndaş və rezidentləri üçün beynəlxalq sərhədlərin açıldığını, bunun da ölkədə turizm sənayesinin bərpasına müsbət təsir göstərəcəyini bildirib.
Forum çərçivəsində ölkəmizə həsr olunmuş “Azərbaycanın turizm imkanları və yeni marşrutların inkişafı” mövzusunda keçiriləcək sessiyada Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadə, Azərbaycan Turizm Bürosunun Beynəlxalq bazarların idarəedilməsi departamentinin direktoru Sevinc Zeynallı, Azərbaycan Hotel Assosiasiyasının Baş katibi Günay Sağlam, “PASHA Travel” şirkətinin nümayəndəsi Sadıx Sadıxov, “Rayda Tour Operator” şirkətindən Veronika Lyubcenko, “Azerbaijan Guide Travel” şirkətindən Nərgiz Məmmədova və “Dağ yəhudiləri” muzeyinin nümyəndəsi İqor Şaulov spiker qismində çıxış edəcəklər.
Dövlət Turizm Agentliyinin turizmin bərpası istiqamətində fəaliyyəti, sərhədlərin açılmasından sonra Rusiya ilə turizmin əlaqələrinin inkişafı, Azərbaycanın əsas turizm məhsulları və yeni marşrutları, Azərbaycanda yeni açılan hotellər və pandemiya dövründə ölkədəki hotellərin qonaq qəbul etmək hazırlığı, Azərbaycanın işgüzar turizminin pandemiya dövründə qarşılaşdığı çətinliklər və bu sahənin bərpa olunması, Rusiyadan olan turistlərə təklif ediləcək Yeni il paketləri və öncədən bronlaşdırma üzrə turopertaorların fəlaiyyəti, KİV və turizm agentləri üçün Azərbaycana infoturların təşkil edilməsi, Azərbaycanda multikulturalizm və qastronomik marşrutların müxtəlifliyi mövzularında müzakirələr aparılacaq.
Sentyabrın 9-dək davam edəcək tədbir sərgi və forum formatında iki hissədən ibarət olmaqla təşkil edilib.
27-ci dəfə təşkil olunan forum-sərgidə Azərbaycan tərəfindən “Azərbaycan Hava Yolları” QSC (AZAL), Azərbaycan Hotel Assosiasyası, Naxçıvan Turizm Departamentinin nümayəndələri, eləcə də 11 yerli turizm şirkəti iştirak edir.
2 mindən çox iştirakçının qatıldığı tədbir çərçivəsində 40 müxtəlif mövzulu sessiyada 15 ölkədən 200-dən çox spikerin çıxış edəcəyi gözlənilir.
Qeyd edək ki, sərgidə Azərbaycan, Moldova, Bolqarıstan, Belarus, Rusiya, Almaniya, İspaniya, Kipr, Misir, Tunis, Hindistan, Şri-Lanka, Çin, Yaponiya, Tayland, Tanzaniya, Braziliya, Kuba kimi 18 xarici ölkədən 350-dən çox şirkətin iştirakı gözlənilir.
Hər il keçirilən sərgi turizm təşkilatları və agentliklərinin, turizm üzrə ixtisaslaşmış dövlət və ictimai qurumların nümayəndələrini bir araya toplayır.