8-10 oktyabrda Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə ölkəni təmsil edən turizm şirkətləri Pakistanın Karaçi şəhərində keçiriləcək “Pakistan Travel Mart” sərgisində iştirak edəcək.
Azərbaycan turizm sektorunda fəaliyyət göstərən 14 şirkətin qatılacağı sərgidə iştirakçılara ölkənin turizmin müxtəlif istiqamətləri üzrə potensialı, görməli yerləri, hotelləri, milli mətbəxi, turizm marşrutları barədə geniş məlumatlar veriləcək.
Sərgi zamanı Pakistanın turizm şirkətləri ilə B2B (Biznesdən-biznesə) formatlı görüşlər keçiriləcək, əməkdaşlığa dair qarşılıqlı fikir mübadələsi aparılacaq.
“Pakistan Travel Mart” Pakistanda səyahət, turizm və qonaqpərvərlik sahələrində bütün maraqlı tərəfləri birləşdirən geniş spektrli səyahət və turizm sərgisidir.
2017-ci ildən etibarən hər il keçirilən sərgiyə dünyanın 20-yə yaxın ölkəsindən turizm şirkətləri qatılır və sərgini ümumilikdə 25000-dən çox şəxs ziyarət edir.
Qeyd edək ki, 2019-cu ilin yanvar-avqust dövründə ölkəyə səfər edən pakistanlı turistlərin sayı 29 min nəfər təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətdə 12.9% artım deməkdir.