Azərbaycanla Macarıstan və Əlcəzair arasında turizm əlaqələri müzakirə edilib

17:24 12.02.2021
Fevralın 11-də Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə Macarıstan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Viktor Sederkenyi, fevralın 12-də isə Əlcəzair Xalq Demokratik Respublikasının ölkəmizdəki səfiri xanım Salima Abdelhak arasında görüş keçirilib.
 
Görüşlərdə ölkələr arasında turizm sahəsində mövcud əlaqələr və inkişaf perspektivləri müzakirə olunub.
 
Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev görüşlərdə Ali Baş Komandanın rəhbərliyi ilə Qarabağın erməni işğalından azad edilməsi, işğal müddətində bölgənin turizm potensialına vurulan zərər, işğalçılar tərəfindən məqsədli şəkildə turizm əhəmiyyətli məkanların dağıdılması siyasəti, eləcə də Qarabağda turizmin inkişaf etdirilməsi imkanları haqqında məlumat verib.
 
Agentlik sədri postpandemiya dövrünə hazırlıq məqsədilə Azərbaycanın turizm imkanlarının beynəlxalq onlayn paltformalar vasitəsilə tanıdılması fəaliyyətinin davam etdiyini qeyd edib.
 
Macarıstan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Viktor Sederkenyi iki ölkə arasında məlumatlılığın artırılması üçün qarşılıqlı olaraq təbliğat işlərinin həyata keçirilməsinin, tanıtım turlarının təşkil edilməsinin, turizm şirkətləri arasında əməkdaşlığın genişləndirilməsinin, təcrübə mübadiləsinin aparılmasının vacibliyini vurğulayıb. Səfir turizm sahəsində təhsilin önəmini qeyd edərək turizm təhsil-tədris müəssisələrini ziyarət etmək arzusunda olduğunu bildirib.
 
Görüşdə postpandemiya dövründə Bakı və Budapeşt arasında birbaşa aviauçuşların yenidən bərpa olunmasının qarşılıqlı turist mübadiləsinə müsbət təsir edəcək əsas amil olduğu vurğulanıb.
 
Əlcəzair Xalq Demokratik Respublikasının ölkəmizdəki səfiri Salima Abdelhak ilə görüşdə turizmin postpandemiya dövründə bərpası ətrafında fikir mübadiləsi aparılıb. Xanım səfir Salima Abdelhak ölkəsinin Azərbaycanla turizm əlaqələrinin genişləndirilməsində və təcrübə mübadiləsinin aparılmasında maraqlı olduğunu vurğulayıb. O, vaksinasiya prosesinin uğurla həyata keçirilməsindən sonra dünya ölkələri arasında turist mübadiləsinin bərpa olacağına ümid etdiyini bildirib.