Azərbaycanla Türkiyə arasında turizmin inkişafı, turistik səfər saylarının artırılması, qarşılıqlı əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və təcrübə mübadiləsinin aparılması məsələləri avqustun 12-da Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahid Bağçı arasında müzakirə olunub.
Görüşdə pandemiyadan öncə Azərbaycana səfər edən əcnəbilər arasında Türkiyə vətəndaşlarının ilk sıralarda yer aldığını deyən Fuad Nağıyev cari ilin 10 iyun tarixindən etibarən Türkiyə vətəndaşları üçün hava sərhəddinin açıq elan ediməsinin yenidən səfər sayının artımına müsbət təsir etdiyini bildirib. Agentlik sədri 2021-ci ilin yanvar - iyul aylarında Azərbaycana 92.550 türkiyə vətəndaşının səfər etdiyini qeyd edib.
Fuad Nağıyev Türkiyə səfirinə hazırda pandemiya şəraitinə uyğun olaraq iki ölkə arasında həyata keçirilən uçuşlar haqda məlumat verib, cari ildə Dövlət Turizm Agentliyinin, eləcə də turizm sənayesi nümayəndələrinin, turizm təşkilatlarının Türkiyədə keçirilən bir sıra tədbirlərdə iştirak etdiyini, turizm əlaqələrinin genişləndirilməsi üçün b2b formatlı görüşlər keçirdiyini diqqətə çatdırıb.
Agentlik sədri ölkə turizminin üzləşdiyi çətinliklərə baxmayaraq yenidən bərpa prossesinə başladığını, hələlik əsasən daxili turizimin inkişafında müsbət artımın olduğunu bildirib. Görüş zamanı Fuad Nağıyev türkiyəli turistləri Azərbaycanı yenidən kəşf etməyə, ölkənin regionlarına səfər etməyə çağırıb.
Uzun illər Azərbaycanlı turistlərin istirahət üçün üz tutduğu ölkələr sırasında Türkiyənin ilk yerlərdə olmasından məmnunluq hiss etdiyini deyən səfir Cahid Bağçı təkcə siyasi arenada deyil, turizm sahəsində də əməkdaşlıq əlaqələrininin daha da genişləndirilmsinə ehtiyac olduğunu bildirib.
Səfir qarşılıqlı səfərlərin artacağna, qardaşlıq və dostluq əlaqələrinin daha da inkişaf edəcəyinə inandığını deyib.
Görüş zamanı pandemiyadan sonrakı dövrdə turizmin bərpası istiqamətində planlaşdırılan işlər haqqında da qarşılıqlı fikir mübadiləsi aparılıb.