Mayın 28-də Azərbaycan BMT-nin Ümumdünya Turizm Təşkilatının (UNWTO) 2019-2021-ci illər üzrə Assosiativ Üzvlük Müraciətlərinə Baxılması üzrə Komitəsinin üzvü seçilib.
Azərbaycanın 2019-2021-ci illər üzrə qeyd olunan komitəyə üzv olması barədə yekdilliklə qərarın qəbul olunması mayın 27-də Xorvatiyanın Zaqreb şəhərində işinə başlayan Ümumdünya Turizm Təşkilatının Avropa Komissiyasının 64-cü sessiyası çərçivəsində baş tutub.
Tədbirdə Azərbaycanın İspaniyadakı səfiri, eyni zamanda Ümumdünya Turizm Təşkilatı yanında daimi nümayəndəsi Anar Məhərrəmovun rəhbərlik etdiyi nümayəndə heyətində Dövlət Turizm Agentliyini Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Cəmilə Talıbzadə təmsil edib.
40-dan çox ölkənin nümayəndələrinin iştirak etdiyi sessiya gündəliyə uyğun olaraq işini mayın 30-dək davam etdirəcək.
Məlumat üçün bildirək ki, BMÜTT-ün əsas 6 komitəsindən biri olan Assosiativ Üzvlük Müraciətlərinə Baxılması üzrə Komitəsinə üzvlük seçimi hər iki ildən bir keçirilir.
Xatırladaq ki, iyunun 16-18 tarixlərində Bakıda Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının 110-cu sessiyası keçiriləcək.