Azərbaycan və Koreya arasında turizm sahəsində əməkdaşlıq imkanlarının müzakirəsi məqsədilə Azərbaycan nümayəndə heyəti Cənubi Koreya Respublikasına səfər edib.
Səfər çərçivəsində Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmidin rəhbərlik etdiyi nümayəndə heyəti Seulda Cənubi Koreyanın səyahət turizmi üzrə ixtisaslaşan aparıcı media agentliklərinin nümayəndələri (“Travel Insight & TTL News”, “Korea Travel Times”, “Global Travel News”, “Korea Travel News”, “Tour Korea”, “Travel Press”) ilə görüş keçirib.
Görüşdə Azərbaycanın turizm potensialı haqqında ətraflı məlumat verilib, yeni turizm brendi və tanıtım çarxı media nümayəndələrinə təqdim olunub, Azərbaycan haqqında suallar cavablandırılıb.
Səfərdə Florian Zenqstşmidlə Koreyanın Mədəniyyət, İdman və Turizm Nazirliyində görüş keçirilib. İki ölkə arasında qarşılıqlı turizm əlaqələrinin inkişaf etdirilməsi, təcrübə mübadiləsinin aparılması kimi məsələlər müzakirə olunub.
Koreya bazarında mühüm paya sahib olan və turizm sahəsində ixtisaslaşmış “Korean Air”, “HanaTour”, “Mode Tour”, “Yellow Ballon”, “JTBC” kimi nüfuzlu şirkətlərin rəhbərləri ilə görüşlərdə Azərbaycan Respublikasının Cənubi Koreyadakı fövqəladə və səlahiyyətli səfiri Rəmzi Teymurov da iştirak edib.
Səfər zamanı Koreya Dünya Səyahət Sərgisinin prezidenti ilə də görüş təşkil olunub, “SITIF 2019” - Seul Beynəlxalq Turizm Sənayesi Sərgisi (Seoul International Tourism Industry Fair 2019), eyni zamanda Koreya Beynəlxalq Sərgi və Konqres Mərkəzində səyahət və turizm üzrə hər il keçirilən “HanaTour Annual Travel Fair” sərgisi ziyarət edilib.
Azərbaycan Turizm Bürosunun növbəti rəsmi turizm nümayəndəliyinin açılması planlaşdırılan ölkələr içərisinidə Cənubi Koreya prioritet təşkil edir.