Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən iyul ayının 28-də ölkənin mülki aviasiya və turizm sahələrinin rəhbərliyinin görüşü keçirilmişdir.
Danışıqlarda “Azərbaycan Hava Yolları”nın prezidenti Cahangir Əsgərov, “Azərbaycan Hava Yolları”nın vitse-prezidenti Eldar Hacıyev, “Azərbaycan Hava Yolları”nın Aviasiya Daşımalarının Satışı İdarəsinin rəisi Niyazi Həsənov, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, Azərbaycan Turizm Bürosunun baş direktoru Florian Zenqstşmid, Turizm Agentlikləri Assosiasiyasının sədri Rüfət Hacıyev və Azərbaycan Turizm Assosiasiyasının sədri Əhməd Qurbanov iştirak edirdi.
COVID-19 pandemiyası dövründə turizm sahəsinin inkişafı və bu məsələdə mülki aviasiyanın rolu danışıqların əsas mövzusu olmuşdur. Qeyd etmək lazımdır ki, görüş ərəfəsində videokonfrans vasitəsilə Azərbaycanın aparıcı turizm şirkətlərinin rəhbərləri ilə görüş keçirilmiş və onların pandemiya dövründə AZAL aviaşirkəti ilə əməkdaşlığa dair təklifləri dinlənilmişdir.
Qonaqları salamlayaraq Cahangir Əsgərov bildirdi ki, koronavirus pandemiyası və ölkələr arasında sərhədlərin bağlanması səbəbindən mülki aviasiya və turizm sahələri hazırda olduqca mürəkkəb vəziyyətdədir. Onun sözlərinə görə, martın 15-dən hazırkı vaxtadək Azərbaycanın milli aviadaşıyıcısı və onun tərəfdaşları tərəfindən 239 beynəlxalq reys yerinə yetirilərək 23 mindən artıq həmyerlimiz vətənə çatdırılmışdır. Həmçinin Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi cədvələ uyğun olaraq AZAL aviaşirkəti həmyerlilərimizin vətənə təxliyə edilməsi üçün çarter reyslərini yerinə yetirməyə davam edir.
Görüşdə Fuad Nağıyev qeyd etdi ki, hazırda turizm sənayesi bütün tarixi boyu ən dərin böhran vəziyyətini yaşayır. İqtisadiyyatın bu sektorunun bərpası regional və qlobal səviyyədə sərt rəqabət şəraitində keçəcək. Turizm sənayesinin rəqabət qabiliyyətinin artırılması üçün onun bütün subyektlərinin qərar qəbul etmə prosesinə cəlb edilməsi tələb olunur. Bu zaman qərarlar tez bir zamanda qəbul edilməli, reaksiya dinamik və səmərəli olmalıdır. Turizmin bərpa edilməsinə və inkişafına kömək edə biləcək və etməli olan ən mühüm amillərdən biri ölkəyə turist gəlişinin mümkünlüyü amilidir.
Görüşə yekun vuraraq Cahangir Əsgərov məlumat verdi ki, pandemiya dövründə yeni müvəqqəti hava daşımaları qaydaları təsdiq edildikdən sonra Azərbaycanın milli aviadaşıyıcısı və bəzi xarici aviaşirkətlər tələbatın daha yüksək olduğu istiqamətlər – İstanbul, London, Berlin, Dubay və Minsk istiqamətlərində xüsusi beynəlxalq reyslər yerinə yetirməyə başlamışdır. Bu zaman, vətənə qayıtmaq arzusunda olan azərbaycanlı tələbələr üçün AZAL-ın reyslərində aviabiletlərin dəyərinə 30% həcmində güzəşt tətbiq edilir.
Karantin rejiminin uzadılması və sərhədlərin 2020-ci ilin 31 avqust tarixinədək bağlanması səbəbindən Azərbaycanın bütün hava limanları müntəzəm sərnişin aviareyslərinin yerinə yetirilməsi üçün bağlıdır. Bununla belə, AZAL xüsusi aviareyslərin yerinə yetirilməsinə başlanması üçün Rusiya daxil olmaqla, bir sıra dövlətlərlə danışıqları davam etdirir.
“Azərbaycan Hava Yolları”nın prezidenti bildirdi ki, görüş ərəfəsində keçirilən videokonfrans zamanı səsləndirilən turizm şirkətlərinin arzularını nəzərə alaraq Azərbaycanın milli aviadaşıyıcısı birbaşa agentləri üçün avqustun 1-dən etibarən Qlobal distribyutor sistemi (GDS) vasitəsilə Azərbaycan ərazisində oflayn satışı açacaqdır. Cahangir Əsgərovun fikrincə, bu zaman anlamaq lazımdır ki, turizm operatorlarının əsas gəlir mənbəyi təkcə aviabilet satışı deyil, bütün dünyada olduğu kimi, hazır turizm paketlərinin satışı olmalıdır. Digər ölkələrin təcrübələrinə əsaslanaraq, ilk növbədə, pandemiyadan sonrakı dövrdə daxili turizmin inkişafına diqqəti yönəltmək lazımdır, “Azərbaycan Hava Yolları” isə respublikamızı xarici turistlərin səfəri üçün daha əlçatan edəcək.
İşgüzar və konstruktiv şəraitdə keçən görüşün iştirakçıları ən mühüm və aktual məsələləri müzakirə etdilər. Tərəflər gələcək əməkdaşlığa hazır olduqlarını bildirdilər.