İyulun 25-də Azərbaycan Turizm Bürosunun dəstəyi, Azərbaycan Turizm Bələdçiləri Assosiasiyasının (ATGA) təşkilatçılığı ilə Bakıda turizm bələdçiləri üçün keçirilən təlimlər başa çatıb.
Turizm bələdçilərinin texniki peşə biliklərinin beynəlxalq standartlar çərçivəsində təkmilləşdirilməsi məqsədini daşıyan təlimlər Ümumdünya Turizm Bələdçiləri Assosiasiyaları Federasiyası (WFTGA) ilə birgə həyata keçirilib.
Təlim proqramı rus və ingilisdilli qruplara bölünən 22 iştirakçıya Ümumdünya Turizm Bələdçiləri Assosiasiyaları Federasiyasının aparıcı təlimçisi İvana Curuvija və beynəlxalq təlimçi Səkinə Əsgərova tərəfindən tədris edilib.
Təlim çərçivəsində iştirakçılara 28 May, Nizami və Xaqani küçələri üzrə gəzinti turu, Neftçilər və Heydər Əliyev prospektləri, Üzeyir Hacıbəyov və Yusif Səfərov küçələri üzrə avtobus turu, həmçinin Şirvanşahlar saray kompleksində məkan turu formalarında praktik və nəzəri biliklər tədris olunub.
İyulun 17-dən başlayan təlimlərdə turizm bələdçilərinə, həmçinin beynəlxalq standartlara əsaslanan peşə etikası, qrup psixologiyası, məhdud fəaliyyət qabiliyyətli turistlərlə iş, peşəkar tur planının tərtibatı kimi istiqamətlər üzrə məlumatlar verilib.
Qeyd edək ki, 2019-cu ildən başlayaraq indiyədək ingilis, alman və rus dillərində olmaqla 80-dən çox turizm bələdçisini əhatə edən HOT (Hands on Training) təlimləri keçirilib.