BƏƏ, Hindistan və Çin turoperatorları ilə əlaqələr genişləndirilir

14:36 19.11.2019
18-19 noyabrda Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Birləşmiş Ərəb Əmirlikləri, Hindistan və Çindən olan turoperatorlarla yerli turizm şirkətləri arasında tanışlıq görüşləri baş tutub.
 
BƏƏ turoperatoru ilə görüşdə Azərbaycanı təmsil edən 80 turizm şirkəti iştirak edib və ikitərəfli müzakirələr çərçivəsində qonaqlara turizm üzrə ətraflı məlumat verilib.
 
50 yerli turizm şirkətinin iştirak etdiyi Hindistan turoperatorları ilə görüş çərçivəsində ölkəmizin turizm potensialı, xüsusilə bu ölkə vətəndaşlarının maraq göstərdiyi toy turizmi üzrə yerli imkanları əks etdirən təqdimat nümayiş olunub və əməkdaşlıq perspektivləri qiymətləndirilib.
 
Çindən olan turizm şirkətləri ilə görüş zamanı isə Azərbaycan və onun turizm imkanları, mövcud infrastruktur, hotellər, milli mətbəx, turizm marşrutları barədə geniş məlumat verilib, 60 yerli turizm şirkətinin iştirakı ilə B2B (Biznesdən-biznesə) formatlı müzakirələr baş tutub.
 
B2B xarakterli görüşlərin təşkil edilməsində məqsəd yerli turizm və qonaqpərvərlik sənayesinin nümayəndələrini hər üç ölkənin turizm şirkətlərinin təmsilçiləri ilə bir araya gətirmək və ikitərəfli əməkdaşlığa şərait yaratmaqdır.
 
Hər üç ölkədən olan turizm şirkətləri nümayəndələrinin regionlarda yerləşən hotellər, turizm və xidmət obyektləri, eləcə də tarixi məkanlara səfərləri təşkil ediləcək.
 
Qeyd edək ki, 2018-ci ilin sonundan etibarən BƏƏ-nin Dubay, Hindistanın Mumbay, Çinin Pekin şəhərində ölkəmizin rəsmi turizm nümayəndəliyi fəaliyyət göstərir.