Ümümdünya Turist Bələdçiləri Assosiasiyaları Federasiyasının (WFTGA) beynəlxalq təlimçiləri İris Berri və Qennadiy Çudnoveç tərəfindən turist bələdçiləri üçün keçirilmiş “Təlimçilərin təlimi” yekunlaşıb.
1 həftə ərzində 8 ingilisdilli, 12 rusdilli bələdçiyə keçirilmiş təlimin əsas məqsədi sertifikatlaşdırılmış milli təlimçilərin sayını artırmaqdır.
Nəzəri və praktiki məşğələlərdə müdavimlərə təlimçinin rolu, ixtisaslaşma proqramlarının hazırlanmasına dair beynəlxalq standart, kursların dizaynı və hazırlanması, iştirakçı rəyinin vacibliyi, praktiki qiymətləndirmə, yazılı imtahanların təşkili və digər mühüm mövzular barədə ətraflı biliklər verilib.
Təlimin həyata keçirilməsi prosesində Azərbaycan Turizm Bürosu və Azərbaycan Turizm Bələdçiləri Assosiasiyasına Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin (BMZ) tapşırığı ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) tərəfindən icra edilən “Cənubi Qafqazda özəl sektorun inkişafı və peşə təhsili və təlimi” proqramı çərçivəsində dəstək göstərilib.