Martın 14-15-də Azərbaycan Turizm Bürosu Londonda keçirilən “IMM-2022 Səyahət Sənayesinin Aparıcı Media Tədbiri” (The Travel Industry’s Leading Media Event) beynəlxalq sərgisində iştirak edib.
Tədbir çərçivəsində Azərbaycan Turizm Bürosunun nümayəndələri 60-a yaxın media nümayəndəsi ilə görüş keçirib, Azərbaycanda pandemiya dövründə görülən işlər, yeni turizm məhsulları və gələcək planlar haqqında ətraflı məlumat verib.
Sərgidə iştirakın əsas məqsədi postpandemiya dövründə beynəlxalq media nümayəndələri, eləcə də influenserlərlə uzunmüddətli əlaqələrin qurulması və nüfuzlu media platformalarında Azərbaycanın turizm imkanlarının daha geniş şəkildə tanıdılmasıdır.
Qeyd edək ki, artıq 10 ildir ki, turizm sənayesi və media nümayəndələrini bir araya gətirərək təşkil olunan sərgi beynəlxalq “TravMedia” şirkəti keçirilir. “TravMedia” şirkəti hazırda dünya üzrə 45 mindən çox peşəkar jurnalist və influenserləri bir araya toplayaraq Avstraliya, Böyük Britaniya, ABŞ, Çin, Sinqapur, Almaniya, Fransa, İtaliya və Braziliya daxil olmaqla 9 ölkədə fəaliyyət göstərir.