“COVID-19 Pandemiyasının Biznes və Cəmiyyətə Təsiri” adlı vebinar keçirilib

17:45 25.06.2020
İyunun 24-də Britaniya Biznes Qrupunun təşkilatçılığı ilə “COVID-19 Pandemiyasının Biznes və Cəmiyyətə Təsiri” adlı vebinar keçirilib.
 
Vebinarda çıxış edən Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid Azərbaycan turizminin son illərdə sürətlə inkişaf etdiyini qeyd edərək pandemiyanın turizmə təsiri, hökumət tərəfindən turizm sənayesinə verilən dəstək proqramları, ölkə turizminin 4 mərhələli bərpa planı haqqında məlumat verib.
 
F.Zenqstşmid post-pandemiya dövrü üçün Azərbaycanın təhlükəsiz turizm məkanı imicinin tanıdılmasına və rəqabətqabiliyyətliliyinin artırılmasına yönəlmiş “SAHMAN” proqramı haqqında danışıb, post-karantin dövründə ilkin olaraq “Macəra Yaxındadır” daxili turizm kampaniyasının təşviq ediləcəyini bildirib.  
 
Vebinarda həmçinin Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp, Britaniya Biznes Qrupunun sədri Cohn Patterson, Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı, “TƏBİB”, və bir sıra xarici, eləcə də yerli şirkətlərin nümayəndələri çıxış edərək iştirakçıların suallarını cavablandırıblar.

Britaniya Biznes Qrupu britaniyalı biznesmenlərin assosiasiyası kimi Azərbaycanda 1999-cu ildən fəaliyyət göstərərək müxtəlif sahələr üzrə fəaliyyət göstərən yerli və beynəlxalq şirkətləri bir araya toplayan işgüzar  platforma rolunu oynayır.