Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev BMT-nin Ümumdünya Turizm Təşkilatının (UNWTO) İcraiyyə Şurasının 109-cu sessiyasında çıxış edərək növbəti iclasın Bakı şəhərində keçiriləcəyini xatırladıb və bütün üzv dövlətləri ölkəmizə dəvət edib.
Bu gün Bəhreynin Manama şəhərində baş tutan və 40-a yaxın ölkədən 100-dən çox nümayəndənin iştirak etdiyi tədbirdə Azərbaycanı Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin rəhbərlik edtdiyi nümayəndə heyəti təmsil edir.
Tədbirdə çıxış edən Fuad Nağıyev üzv ölkələrlə əməkdaşlığın vacibliyini və bu əməkdaşlığın Azərbaycanda turizm sahəsinin inkişafındakı rolunu qeyd edib.
Çıxış zamanı ölkəmizdə turizm sənayesinin inkişafı üçün dövlət tərəfindən görülən işlər və həyata keçirilən islahatlar, həmçinin bu islahatların müsbət nəticələri haqqında məlumat verilib, cari ilin aprel ayında ölkə başçısının müvafiq fərmanı ilə yaradılan Dövlət Turizm Agentliyinin fəaliyyətinin əsas istiqamətləri vurğulanıb.
Bu ilin 18 oktyabr tarixində Azərbaycanın yeni turizm imicinin və loqosunun yerli ictimaiyyətə açıqlandığını qeyd edən sədr yeni brendin noyabr ayında London şəhərində keçiriləcək Dünya Səyahət Bazarı (WTM) beynəlxalq turizm sərgisi çərçivəsində xarici ictimaiyyətə təqdim ediləcəyəni bildirib.
Qeyd edək ki, BMT-nin Ümumdünya Turizm Təşkilatının (UNWTO) İcraiyyə Şurasının 110-cu sessiyası 2019-cu il iyun ayında Bakıda keçiriləcək.