Avqustun 10-da Dövlət Turizm Agentliyi ölkənin kütləvi informasiya vasitələrinin 50-ə yaxın əməkdaşının və səyahət blogerlərinin iştirakı ilə “Lahıc” Dövlət Tarix – Mədəniyyət Qoruğuna mediatur təşkil edib.
Mediaturun məqsədi ictimaiyyəti və KİV nümayəndələrini ölkə turizminin bərpası və xüsusilə yay mövsümündə turizmin inkişafı istiqamətində görülən işlər, yeni turizm məhsulları və layihələr haqqında məlumatlandırmaq, mövcud turizm dəhlizlərinin imkanlarını geniş auditoriyanın diqqətinə çatdırmaqdır.
Mediatur çərçivəsində jurnalistlərə 2020-2021-ci illərdə Azərbaycanda yaradılan yeni turizm məhsulları haqqında geniş məlumat verilib, eləcə də Bakı-Şimal-Qərb dəhlizinin təqdimatı keçirilib. Bununla yanaşı Azərbaycan regionlarında yerləşən ictimai iaşə obyektlərinin xidmət keyfiyyətini artırmaq və müştəri xidmətlərinin düzgün qurulmasını təmin etmək məqsədini daşıyan “Mymenu” platforması barəsində məlumat verilib.
Mediaturda iştirak edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev pandemiya ilə əlaqədar olaraq ölkədə həyata keçirilən müəyyən yumuşalmalardan sonra turizmin bərpasında əhəmiyyətli irəliləyişin olduğunu, xüsusilə daxili turizmdə, regionlarda canlanmanın baş verdiyini bildirib. Sədr bir sıra xarici ölkələrlə Azərbaycan arasında uçuşların bərpasını da turizmin inkişafına dəstək olacağını vurğulayıb.
Vətən müharibəsi zamanı işğaldan azad olunan ərazilərdə yeni layihələrin, turizm marşrutlarının işlənib hazırlandığını deyən Fuad Nağıyev, bu istiqamətdə Agentliyin digər dövlət qurumları ilə birgə sıx əlaqədə olduğunu və əməkdaşlıq etdiyini bildirib.
Mediatur çərçivəsində jurnalistlər “Lahıc” Dövlət Tarix-Mədəniyyət Qoruğunda aparılan təmir-bərpa işləri, gələcəkdə nəzərdə tutulan planlar və layihələr haqqında ətraflı məlumatlandırılıb, onlar üçün misgərlik və xalçaçılıq sənətləri üzrə masterklasslar təşkil edilib.