Dövlət Turizm Agentliyi turizm sənayesi nümayəndələrinin Ağdam rayonuna səfərini təşkil edib

16:00 13.11.2021
Noyabrın 13-də Dövlət Turizm Agentliyi tərəfindən turizm sənayesi nümayəndələrinin işğaldan azad olunmuş Ağdan rayonuna səfəri təşkil olunub.
 
Səfərdə Azərbaycanda fəaliyyət göstərən turizm şirkətlərinin və hotellərin nümayəndələri, həmçinin bələdçilər və turizm blogerləri iştirak ediblər.
 
Səfər çərçivəsində “İmarət” kompleksinə, Çörək muzeyinə, Dram teatrının qalıqlarına baxış keçirilib, eləcə də Şahbulaq qalası, Ağdam Cümə məscidi və Qiyaslı kəndindəki məscid ziyarət olunub.
 
İştirakçılar işğal müddətində “kabus şəhər”ə çevrilən Ağdama qarşı törədilmiş urbisid aktının nəticələrini müşahidə ediblər və rayonun mövcud turizm imkanlarını qiymətləndiriblər.
 
Səfər iştirakçıları Ağdam şəhəri də daxil olmaqla rayonun yenidənqurulması və bərpası istiqamətində görülən işlərlə tanış olublar.
 
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin Ağdam üzrə xüsusi nümayəndəliyi tərəfindən “Yolumuz Ağdama” adı ilə səfərlərin Ağdam şəhəri daxil olmaqla rayonun minalardan təmizlənmiş hissəsinə həyata keçirilməsi nəzərdə tutulub.
 
“Yolumuz Ağdama” səfərləri xüsusi qaydalara əsaslanmaqla təlimlərdən keçmiş bələdçilər, sürücülər və səfər təşkilatçılarının nəzarəti altında təşkil olunacaq.