DTA-da mülki müdafiə üzrə maarifləndirmə tədbiri keçirilib

15:52 22.04.2025
Aprelin 22-də Dövlət Turizm Agentliyi ilə Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə işinin təşkili Baş idarəsinin birgə əməkdaşlığı çərçivəsində mülki müdafiə məsələlərinə dair maarifləndirici tədbir təşkil olunub.

Dövlət Turizm Agentliyinin 2025-ci il üçün “Mülki müdafiə Tədbirlər Planı”na uyğun olaraq keçirilən tədbirin əsas məqsədi Agentlik əməkdaşlarının fövqəladə hallarda operativ və effektiv reaksiya vermək qabiliyyətlərinin artırılması, eləcə də bu sahədə bilik və bacarıqlarının təkmilləşdirilməsi olub.

Tədbir zamanı Mülki müdafiə işinin təşkili Baş idarəsinin zabitləri tərəfindən təqdimatlar keçirilib, mülki müdafiə sahəsində normativ-hüquqi baza, davranış qaydaları və ilkin yardım mövzularında geniş məlumatlar verilib.

Maarifləndirmə tədbirinin sonunda iştirakçılarla interaktiv müzakirələr aparılıb, real həyatda baş verə biləcək fövqəladə hal ssenariləri üzərində praktiki yanaşmalar müzakirə edilib.