DTA əməkdaşlarına “Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi” mövzusunda təlim keçirilib

14:42 02.12.2025
Dekabrın 2-də Dövlət Turizm Agentliyinin əməkdaşları üçün Dövlət İmtahan Mərkəzinin əməkdaşı tərəfindən “Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi” mövzusunda təlim keçirilib.
 
Təlimdə bildirilib ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 30-1-ci maddəsinə əsasən, inzibati vəzifə tutan dövlət qulluqçularının xidməti fəaliyyəti hər ilin sonunda qiymətləndirilir və qiymətləndirmə onların potensial imkanlarının aşkara çıxarılması və həmin imkanlardan səmərəli istifadə edilməsi, dövlət qulluqçusunun peşə səriştəliyini artırmağa stimullaşdırılması və əlavə təhsilə ehtiyacının, habelə tutduğu vəzifəyə uyğun gəlib-gəlmədiyinin müəyyənləşdirilməsi məqsədi daşıyır.

Təlimdə, həmçinin qiymətləndirilmənin nəticəsinə uyğun olaraq inzibati vəzifə tutan dövlət qulluqçusunun mükafatlandırılması, dövlət qulluqçusuna vaxtından əvvəl ixtisas dərəcəsinin verilməsi, dövlət qulluqçusunun fəaliyyətinin və bacarıqlarının daha da təkmilləşdirilməsi məqsədilə əlavə təhsilə və ya xüsusi təlimlərə cəlb edilməsi və s. barədə praktiki və nəzəri biliklər müzakirə olunub.