“Hotellərdə aparılan monitorinqlərin məqsədi pandemiya və postpandemiya dövründə sanitariya və gigiyena qaydalarının tətbiqində turizm sənayesi nümayəndələrinə dəstək göstərmək, maarifləndirmə işini aparmaqdır”.
Bu haqda sentyabrın 4-də mehmanxanaların fəaliyyətinin təşkili qaydalarına riayət olunmasına nəzarətin həyata keçirilməsi məqsədilə keçirilən monitorinqdə Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov medianın suallarını cavablandırarkən bildirib.
Monitorinq prosesinin ictimaiyyətə çatdırılması üçün Dövlət Turizm Agentliyi və Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Bakıda yerləşən 2 hotelə media tur təşkil edilib. Media turda Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov və Qida Təhlükəsizliyi Agentliyinin sədrin müşaviri Elxan Mikayılov sualları cavablandırıblar.
Avqustun 24-dən etibarən ölkə üzrə keçirilən monitorinqlərdə sentyabrın 2-dək Bakıda və regionlarda yerləşən 229 hotel monitorinq olunub.
Monitorinq çərçivəsində işçi heyətin və qonaqların təhlükəsizliyinin təmin edilməsi üçün tələb olunan gigiyena və sanitariya tədbirlərinin tətbiq edilməsi səviyyəsi yoxlanılır və tələblərə cavab verən mehmanxanalar Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi tərəfindən “SAHMAN” – sanitariya və gigiyena nişanı ilə təmin edilir.
Qeyd edək ki, monitorinqlər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 8 avqust 2020-ci il tarixli 287 nömrəli “Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında mehmanxanaların fəaliyyətinin təşkili Qaydaları”nın təsdiq edilməsi barədə qərarına əsasən bu qaydaların tələblərinə riayət olunmasına nəzarətin həyata keçirilməsi məqsədilə keçirilir.
Monitorinqlərdə Dövlət Turizm Agentliyinin nümayəndələri ilə yanaşı, aidiyyəti dövlət qurumlarının və yerli icra hakimiyyəti orqanlarının əməkdaşları da iştirak edir.