DTA tabeliyindəki müəssisələrdə dezinfeksiya işləri aparılıb

09:34 10.03.2020
5-7 martda Dövlət Turizm Agentliyinin tabeliyində fəaliyyət göstərən qoruq və təhsil müəssisələrində koronavirus (COVİD-19) epidemiyasına qarşı tibbi-profilaktik, dezinfeksiyaedici tədbirlər həyata keçirilib.

Nazirlər Kabinetinin yanında operativ qərargahın bütün təhsil müəssisələrində dezinfeksiya işlərinin aparılması ilə bağlı qərarına uyğun olaraq Azərbaycan Turizm və Menecement Universiteti, Bakı Turizm Peşə Məktəbi və Mingəçevir Turizm Kollecinin tədris binalarında və həyətyanı sahələrində bu istiqamətdə tədbirlər görülüb.

Eyni zamanda Şəkinin "Yuxarı Baş" Dövlət Tarix-Memarlıq Qoruğunun Narın Qala divarları daxilində, eləcə də digər obyektlərdə dezinfeksiya işləri aparılıb, qabaqlayıcı tədbirlərin həyata keçirilməsi intensivləşdirilib.

Dezinfeksiya işləri qoruğun inzibati binaları, Şəki Xan Sarayı və onun həyəti, Dairəvi Məbəd, Şəki xanlarının ev muzeyi, Şəki Tarix-Diyarşünaslıq Muzeyi, Şəki Dövlət Rəsm Qalereyası, “Sənətkarlar evi” binası və digər obyektlərdə həyata keçirilib.
 
“Kiş” Tarix-Memarlıq Qoruğunun obyektlərində də dezinfeksiya işləri baş tutub.
 
Dezinfeksiya işlərinin aparıldığı obyektlər martın 8-dən etibarən xidmətə açılıb.
 
Mart və aprel ayları ərzində Dövlət Turizm Agentliyinin tabeliyindəki digər qoruqlarda da önləyici tədbirlərin görülməsi planlaşdırılır.