Vətən müharibəsi dövründə erməni terroru nəticəsində həlak olan mülki vətəndaşlara həsr olunan video çarx hazırlanıb. Bu haqda Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev rəsmi tvitter səhifəsində paylaşım edib.
“Bu gün Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsini yad edirik. Şəhidlərimizin ruhu qarşısında baş əyir, Allahdan onlara rəhmət diləyirəm. Erməni terrorunun qurbanı olan mülki vətəndaşlarımızı da unutmur, hörmətlə anırıq”, - deyə Fuad Nağıyev qeyd edib.
İngilis dilində hazırlanan video çarxda Ermənistan silahlı qüvvələri tərəfindən 27 sentyabrdan etibarən münaqişə zonasından kənarda yerləşən Gəncə, Bərdə, Tərtər, Ağdam kimi şəhərlərdə mülki şəxslərə qarşı törədilmiş müharibə cinayəti nəticəsində 98 nəfərin həlak olduğu, 414 nəfərin yaralandığı vurğulanır. Terrorçu və işğalçı dövlət olan Ermənistanın əhalinin sıx məskunlaşdığı mülki obyektlərə raket zərbələri endirməsi və qadağan olunmuş silahlardan istifadə etməsi qeyd olunur.