Florian Zenqstşmid: “Azərbaycan pandemiya dövründə yaranan səyahət tələblərinə cavab verir”

11:07 03.12.2021
Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid Azərbaycanın pandemiya dövründə yaranan səyahət tələblərinə cavab verdiyini vurğulayıb.
 
O, bu haqda dekabrın 2-də onlayn formatda keçirilən “Uzakrota” turizm sammitində “Turizm destinasiyalarının yenidən özünükəşfi” mövzusuna həsr olunmuş paneldə spiker qismində çıxış edərkən bildirib.
 
Baş icraçı direktor ənənəvi turizm növləri ilə yanaşı, haykinq, quş müşahidəçiliyi və “Slou Fud” səyahət marşrutu kimi davamlı turizm təkliflərinin ərsəyə gətirildiyini bildirib.
 
ATB rəsmisi Qarabağın turizm potensialının bərpası üzrə planlaşdırılan işlərdən, həmçinin bu regionun zəngin tarixi və mədəni irsindən danışıb.
 
Türkiyə ilə Azərbaycan arasında turizm sahəsində əməkdaşlığın əhəmiyyətini vurğulayan Florian Zenqstşmid hava sərhədlərin tədricən açılması ilə Azərbaycana səyahət edən türkiyəli vətəndaşların sayında artımın müşahidə olunduğunu bildirib.
 
Tədbir çərçivəsində “İşgüzar tədbirlər sənayesində qlobal strategiyalar” mövzusuna həsr olunmuş paneldə verilən sualları Azərbaycan Konqreslər Bürosunun direktoru Sevda Əliyeva cavablandırıb. O, Azərbaycanda işgüzar turizm sənayesi üzrə hazırkı vəziyyət, ölkəmizin növbəti illər üçün ev sahibliyi etmək hüququ qazandığı tədbirlər, eləcə də destinasiyaların təbliği üçün güclü strategiyanın vacibliyi haqqında məlumat verib. 
 
Panellərdə Azərbaycanla birlikdə Türkiyə, Böyük Britaniya, Serbiya, Qətər və İsraili təmsil edən dövlət və özəl sektor nümayəndələri iştirak ediblər.
 
Hər il təşkil olunan “Uzakrota” turizm sammiti turizm agentlikləri, hava yolları şirkətləri, hotellər, turizm sahəsində fəaliyyət göstərən startaplar və digər turizm sənayesi nümayəndələrini bir araya gətirən beynəlxalq sərgidir.
 
2020-ci ildə olduğu kimi bu il də onlayn formatda keçirilən tədbirdə MDB, Avropa, Asiya, Afrika və Yaxın Şərq ölkələrindən 10 mindən çox turizm mütəxəssisi və 400-ə yaxın spiker iştirak edib.