Florian Zenqstşmid: "Tezliklə bu dövrü geridə qoyub, yenidən möhtəşəm işlər görməyə davam edəcəyik”

20:13 17.07.2020
İyulun 17-də Azərbaycan Hotel Assosiasiyasının təşkilatçılığı ilə “Turizmin bərpası üzrə təcrübə mübadiləsi” adlı vebinar keçirilib.
 
Vebinarda Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid çıxış edərək iştirakçıları mövcud turizm statistikası, Azərbaycan turizminin 4 mərhələli bərpa planı, hökumət tərəfindən turizm faəliyyəti ilə məşğul olan sahibkarlara dəstək paketi haqqında məlumatlandırıb.

“Həmişə olduğu kimi, bu çətin dövrdə də turizm sənayesinə hərtərəfli dəstək vermək üçün çalışmağa davam edirik və inanırıq ki, tərəfdaşlarımızla birgə tezliklə bu dövrü geridə qoyub, yenidən möhtəşəm işlər görməyə davam edəcəyik”, - deyə o diqqətə çatdırıb.

Florian Zenqstşmid pandemiyadan sonrakı dövr üçün ölkə daxilində və beynəlxalq aləmdə Azərbaycanı təhlükəsiz turizm məkanı kimi tanıtmaq və rəqabətliliyini artırmaq məqsədini daşıyan “SAHMAN” proqramı, “Macəra yaxındadır” daxili turizmin təşviqi kampaniyası, “E-öyrənmə” onlayn təlim platforması, eləcə də turizm sahəsində çalışan mütəxəssislərin peşəkarlığını və əmək bazarında rəqabətqabiliyyətliliyini artırmaq məqsədilə təsis edilmiş Turizm Təlim və Sertifikasiya Mərkəzi barədə geniş məlumat verib.

Onlayn tədbirdə Azərbaycan Hotel Assosiasiyasının prezidenti Martin Kleinman Azərbaycanın qonaqpərvərlik sənayesindəki mövcud vəziyyət, hökumət tərəfindən göstərilmiş dəstək tədbirləri, turizm sənayesinin yeni normalara hazırlığı və digər mövzularda çıxış edib.
 
Vebinarda, həmçinin Avropa Hotellər, Restoranlar və Kafelər Assosiasiyasının (“HOTREC”) prezidenti Jens Zimmer Kristensen, İsveçrə Hotellər Birliyinin (“HotellerieSuisse”) İdarə Heyətinin üzvü Tomas Alleman, Türkiyə Hotelçilər Birliyinin İdarə Heyətinin üzvü Uyqar Koçaş və Gürcüstan Otel, Restoran və Kafe Federasiyasının (“HORECA”) katibi İnqa Paiçadze də iştirak edərək müxtəlif mövzularda fikirlərini bölüşüblər, verilən sualları cavablandırıblar.