Fuad Nağıyev 34 ölkənin turizm nazirinə məktub ünvanladı

17:41 09.10.2020
Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev 34 ölkənin turizm nazirinə Dağlıq Qarabağ həqiqətləri, Ermənistanın işğalçılıq siyasəti və son hərbi təxribatlar nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin əks-hücum əməliyyatları ilə bağlı məktub ünvanlayıb.
 
Məktubda 90-cı illərdə Ermənistanın Azərbaycanın tarixi və beynəlxalq səviyyədə tanınmış ərazilərini qanunsuz işğal etməsi, bunun nəticəsində çox sayda insanın öldürülməsi və yaralanması, həmçinin bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi barədə məlumat verilir.
 
Qeyd olunur ki, beynəlxalq hüquq normalarına əsasən Azərbaycan əraziləri Ermənistan tərəfindən qanunsuz olaraq işğal edilib və 1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurası Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü təsdiq edən, eləcə də erməni hərbi qüvvələrinin dərhal və tam olaraq işğal edilmiş Azərbaycan torpaqlarından çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib (822, 853, 874 və 884).
 
Məktubda işğalçı qüvvələrin münaqişə zonasına aid olmayan Azərbaycan ərazilərini raket atəşinə tutmasına baxmayaraq, Azərbaycanın mülki şəxslərə zərər verilməməsi prinsipə sadiqliyi, davam edən silahlı münaqişənin turizm bölgələrindən və turizm dəhlizlərindən kənarda baş verdiyi, silahlı toqquşmalar nəticəsində ölkənin turizm infrastrukturuna ciddi ziyanın dəymədiyi diqqətə çatdırılır.
 
Fuad Nağıyev məktubda bildirir ki, uzun illər müharibə vəziyyətində olmasına baxmayaraq, Azərbaycan ölkədə turizm sektorunu uğurla inkişaf etdirir və inkişaf etməkdə olan turizm istiqamətlərindən biri kimi tanınır.
 
COVID-19 pandemiyasının turizmə təsirindən də söz açan Agentlik sədri sərhədlər açıldıqdan və beynəlxalq uçuşlar bərpa olunduqdan sonra Azərbaycanın öz turizm imkanlarını beynəlxalq ziyarətçilərə açmağa hazır olduğunu qeyd edib.
 
Sonda Fuad Nağıyev Ermənistan və Azərbaycan arasındakı münaqişənin yaxın gələcəkdə həll ediləcəyinə və turistlərin Azərbaycanı kəşf etmək fürsəti əldə edəcəklərinə əmin olduğunu bildirib.