Oktyabrın 30-da Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev ABŞ-ın yəhudi icmasını təmsil edən media nümayəndələri, turizm şirkətlərinin təmsilçiləri və sahibkarlardan ibarət heyətlə görüş keçirib.
Heyətin ölkəyə səfəri ABŞ-ın Azərbaycandakı, Azərbaycanın ABŞ-dakı səfirliklərinin, “Azərbaycan Hava Yolları”nın (AZAL) və Dövlət Turizm Agentliyinin dəstəyi ilə baş tutub.
Məqsəq Bakı-Nyu York reysinin fəaliyyətinə təkan vermək, ABŞ-da Azərbaycanın turizm potensialı haqda məlumatlılığı artırmaq və turizm sahəsində özəl sektor nümayəndələri arasında əlaqələr qurmaqdır.
Görüş zamanı qonaqlara Azərbaycanda yəhudi irsi barədə, həmçinin ölkənin multikulturalizm siyasəti və Azərbaycan xalqının tolerantlıq ənənələri haqda geniş məlumatlar verilib.
Fuad Nağıyev tolerantlıq və dözümlülüyün Azərbaycan cəmiyyətini fərqləndirən gözəl bir ənənə halına gəldiyini bildirib.
Xarici qonaqlar öz növbələrində ABŞ-da Azərbaycan haqda təqdimatların keçirilməsini və ölkənin turizm potensialının təbliğinin yəhudi icması arasında genişləndirilməsini təklif ediblər.
Görüş çərçivəsində diqqətə çatdırılıb ki, Bakı ABŞ-dan Asiyaya səyahət edənlər üçün qovşaq rolunu oynaya bilər.
Qeyd edilib ki, 2019-cu ilin yanvar-sentyabr dövründə Azərbaycana səfər edən ABŞ-lı turistlərin sayı 15 min nəfər təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətdə 8 % artım deməkdir.