Hörmətli müəllimlər və tələbələr!
Bu gün 15 sentyabr 2020/2021-ci tədris ilinin ilk günüdür. Bu münasibətlə hər birinizi təbrik edirəm.
Təəssüf ki, bu il pandemiya səbəbindən tədris ilinə ənənəvi şərtlər daxilində deyil, fərqli formada başlamalı olduq. Yeni tələblərə müvafiq olaraq universitetimizdə də elektron tədris sistemi ilk dəfə qurularaq istifadəyə verildi.
İstənilən şərtlər daxilində bizim yeganə məqsədimiz turizm təhsilini beynəlxalq standartlara uyğunlaşdırmaq, tələbələrimizin beynəlxalq keyfiyyətli təhsil almalarına şərait yaratmaqdır.
Dövlətimiz və şəxsən cənab Prezident İlham Əliyev tərəfindən xalqımızın bu bəladan xilas olması, pandemiyanın bütün sahələrə, həmçinin təhsilə olan fəsadlarının aradan qaldırılması istiqamətində məqsədyönlü siyasət həyata keçirilir.
İnanıram ki, bu çətin vaxtlarda həm tələbələr, həm də müəllimlər öz üzərlərinə düşən öhdəlikləri layiqincə yerinə yetirəcəklər, təhsilin keyfiyyətinin saxlanılması üçün birlikdə fəaliyyət göstərəcəklər.
Artıq biz postpandemiya dövrü üçün hazırlaşmalı, gücümüzü yeni dövrün tələblərinə uyğun strategiyanın qurulması istiqamətinə səfərbər etməliyik.
Qeyd etməliyəm ki, yeni dövrdə səriştəli, müasir bilik və bacarıqlara malik peşəkar kadrlara hər zamankından daha çox ehtiyac yaranacaq.
Odur ki, bütün turizm sahəsində təhsil alan gənclərimizi və tələbələrimizi beynəlxalq əmək bazarının tələblərinə uyğun mütəxəssisə çevrilmələri üçün daim biliklərini zənginləşdirməyə, özlərini inkişaf elətdirməyə çağırır, Dövlət Turizm Agentliyi olaraq hər zaman sizə dəstək göstərməyə hazır olduğumuzu bildiririk.
Bir daha Dövlət Turizm Agentliyinin tabeliyində olan Azərbaycan Turizm və Menecment Universiteti, Mingəçevir Turizm Kolleci və Bakı Turizm Peşə Məktəbinin tələbə heyətinin timsalında bütün tədris ocaqlarında təhsil alan hər kəsi təbrik edir, sizə uğurlar və yeni nailiyyətlər arzulayıram.
Hörmətlə,
Fuad Nağıyev
Dövlət Turizm Agentliyinin sədri