Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev turizm ictimaiyyətini 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib.
Təbrik mətnində deyilir:
“Əziz həmkarlar, hörmətli turizmçilər!
2020-ci il dövlətimiz və xalqımız üçün sevincli və kədərli günlərin eyni anda yaşandığı ziddiyyətli il oldu.
Ali Baş Komandanın rəhbərliyi ilə Şanlı Ordumuz qəhrəmanlıq dastanı yazdı. Bu il hər kəsin qəlbi qələbə sevincini bizə yaşadan qüdrətli Azərbaycan Ordusuna minnətdarlıq və fəxarət hissi ilə doldu. Eyni zamanda oğullarımızın, gənc övladlarımızın Vətən torpaqlarının azadlığı uğrunda canlarından keçərək şəhid olması hamımızı sarsıtdı. Şəhidlərimizin ruhları qarşısında bir daha baş əyir, hər birinə Allahdan rəhmət diləyirəm.
Təəssüf ki, bu il pandemiya səbəbindən turizm və turizmçilər üçün son dövrlərin ən çətin ili oldu.
Bütün dünyada pandemiyanın ən çox zərər vurduğu sahə olaraq turizm sahəsi böhran dövrünü yaşadı. Beynəlxalq sərhədlərin bağlanmasının turizm üçün fəsadları ağır oldu.
Qlobal xarakterli bu prosesin geniş vüsət almasının dünya turizmi və bu sahədə çalışan mütəxəssislər üçün mənfi təsirləri göz önündədir.
Pandemiyanın turizm sənayesinə təsirlərini minimuma endirmək və sənayenin bərpasına dəstək vermək üçün dövlətimiz tərəfindən məqsədyönlü tədbirlər görüldü. Təsadüfi deyil ki, iqtisadiyyatın əsas sahələrindən biri kimi ölkəmizdə turizm postpandemiya dövründə daha çox dəstəyə ehtiyacı olan sahə kimi qiymətləndirilir.
Artıq postpandemiya dövründə Azərbaycanın turizm ölkəsi kimi rəqabətqabiliyyətliliyini artırmaq üçün çalışmalıyıq. Yeni dövrün tələblərinə uyğun olaraq fərqli marketinq strategiyası və fəaliyyət planı ilə ölkəmizin təhlükəsiz, eyni zamanda etibarlı turizm məkanı kimi imicini gücləndirməliyik.
Azərbaycanı turizm ölkəsinə çevirmək üçün imkanlar genişdir. Nəhayət ki, biz Qarabağın azad edilməsi ilə doğma torpaqlarımızın turizm potensialını qiymətləndirə, bu potensialdan bəhrələnə biləcəyik. Əlbəttə, əsas məqsədimizə nail olmaq üçün görüləcək tədbirlər çoxdur.
Bu günədək həyata keçirilən işlərdə, əldə olunan uğurlarda hər birinizin dəstəyini hiss etmişik. İnanıram ki, birlikdə bütün çətinliklərin öhdəsindən gələcək, turizmin bərpası üçün var gücümüzü səfərbər edəcəyik. Hər zaman dediyimiz kimi, gücümüz birliyimizdə və həmrəyliyimizdədir.
Fürsətdən istifadə edərək istər karantin dövründə, istərsə də zəfərlə bitən Vətən müharibəsində yüksək sosial məsuliyyət nümayiş etdirərək, örnək davranış sərgiləyən turizm sənayesinin bütün nümayəndələrinə öz səmimi təşəkkürlərimi çatdırıram.
Bu il Dünya Azərbaycanlılarının Həmrəylik Günü tam mənası ilə xalqımızın, müxtəlif ölkələrdə yaşayan həmyerlilərimizin Vətən müharibəsində cənab Prezidentin ətrafında bir yumruq kimi birləşməsinin timsalında özünü təcəssüm etdirdi.
Turizmçilər başda olmaqla hər kəsi 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edir, hər birinizə sağlamlıq və uğur arzulayır, hamı üçün çətin olan bu dövrün tezliklə bitəcəyinə və turizmin əvvəlki inkişaf tempinə qayıdacağına inamımı ifadə edirəm.
Hörmətlə,
Fuad Nağıyev
Dövlət Turizm Agentliyinin sədri”