Gədəbəydə turizm inkişaf etdiriləcək

16:52 06.07.2020
İyulun 6-da Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosu, “Azərbaycan Dəmir Yolları”  QSC və Gədəbəy Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə Gədəbəydə turizmin inkişafı mövzusunda onlayn görüş keçirilib.
 
Görüş çərçivəsində Azərbaycan Turizm Bürosu və Gəncə Destinasiya Menecmenti təşkilatının alman irsinin turizm təcrübəsinə çevrilməsi və mövcud turizm infrastrukturunun bərpası istiqamətində araşdırmaları aidiyyəti tərəflərə təqdim edilib.

Araşdırmaların “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulan mədəni marşrutların inkişaf etdirilməsi istiqamətində aparıldığı diqqətə çatdırılıb.
 
Görüş zamanı Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev bu əməkdaşlığı yüksək qiymətləndirdiyini qeyd edərək rayonun turizm potensialı və turizm istiqamətində həyata keçirilən layihələr barəsində məlumat verib.
 
İbrahim Mustafayev kənd təsərrüfatı ilə yanaşı, turizmin də aparıcı sahəyə çevrilməsinin rayonun uzunmüddətli inkişaf planında qarşıya qoyulmuş məqsədlərdən biri olduğunu diqqətə çatdırıb.
 
Gədəbəy ərazisində turizmin inkişaf etdirilməsi üçün mövcud olan 109 qorunan abidə, alman irsinin izləri, 26 adda mineral bulaqlar və təbiət abidələrinin önəmli rol oynadığı qeyd olunub. 
 
Həmçinin Gədəbəydə alman irsi mədəni marşrutunun inkişaf etdirilməsi istiqamətində rayonun Düzyürd kəndindən “Qanlı Körpü” adı ilə tanınmış Simens körpüsünə qədər mövcud olmuş 1.1 km dəmiryolu xəttinin tarixi özünəməxsusluğu gözlənilməklə yenidən qurulması və ya bərpası layihəsi üzərində müzakirə aparılıb.
 
Müzakirə olunmuş layihə “Azərbaycan Dəmir Yolları”  QSC tərəfindən təqdir edilib və qurumların bu istiqamətdə qarşılıqlı əməkdaşlığa başlayacağı bildirilib.