2021-ci ildə İsrailin Təl-Əviv şəhərində Azərbaycanın turizm nümayəndəliyi fəaliyyətə başlayacaq.
Bu haqda Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid İsrailin “Jerusalem Post” qəzetinə podkast formatında verdiyi müsahibədə danışıb.
Florian Zenqstşmid açılacaq nümayəndəliyin iki ölkə arasında turizm sektoru üzrə sıx əməkdaşlığın inkişafına töhfə verəcəyini bildirib.
O qeyd edib ki, Azərbaycan turizm destinasiyası olaraq israilli səyahətçilər arasında uğurla tanıdılır və bu nümayəndəlik Azərbaycanın turizm potensialını İsrail bazarında təşviq etməyə kömək edəcək.
ATB rəsmisi qarşıya qoyulmuş hədəfin mümkün qədər çox israilli turistin Azərbaycana cəlb edilməsi və onların ölkəmizdə unudulmaz səyahət təcrübələri əldə etməsinin təmini olduğunu vurğulayıb.
Florian Zenqstşmid, həmçinin Azərbaycanın turizm imkanları, israilli turistlər üçün maraqlı olacaq turizm məhsulları və fəaliyyət növləri, yəhudi irsi marşrutları, dağ yəhudilərinin kompakt yaşadığı Qırmızı Qəsəbə və Azərbaycan mətbəxi haqqında da məlumat verib.